
- A-
- A
- A+
Nağıl kitabındakı qeyri-etik sözlər QALMAQAL YARATDI – “Guya uşaq o sözləri bilmir?” – VİDEO
6+ yaş kateqoriyasında təqdim edilən bir kitab valideyn narazılığına səbəb olub.
Sosial mediada yayılan videoda bir valideyn kitabda yer alan bəzi söz və ifadələrin uşaqlar üçün uyğun olmadığını bildirib və həmin kitabı uşağına oxuya bilməyəcəyini deyib.
Valideyn buna misal olaraq “lotu”, “oynaş” sözlərini, eləcə də “Gah-gah dağında 3 xiyara aşiq olasan” adlı nağılı göstərib.
Maraqlıdır, bu kimi söz və ifadələrin, adların yer aldığı folklor nümunələrinin uşaqlar tərəfindən oxunmasında problem varmı? Ümumiyyətlə, folklor nümunələrində, nağıllarda rast gəlinən bu tip ifadələr kitab tərtibatı zamanı dəyişdirilməli, hədəf kütlənin yaşı nəzərə alınmalıdır, yoxsa mətnlərə toxunmaq olmaz?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında folklorşünas, kulturoloq və pedaqoq Aynur Qəzənfərqızı məsələ ilə bağlı bildirib ki, uşaqların hər cür ifadədən uzaq, reallıqdan təcrid olunmuş şəkildə böyüdülməsi düzgün deyil.
“Uşaqların çəhrayı şüşələrin içində böyüdülməsinin nə tərəfdarıyıq, nə də tərəfdarı olmalıyıq. Biz uşağı hər şeydən ayırıb söyüşsüz, vulqar sözlərsiz bir dünyada böyütsək, o böyüyüb həddi-büluğ dövrünə çatanda yaşıdları ilə ünsiyyəti, münasibəti necə olacaq? O uşaq travma alacaq”.
A.Qəzənfərqızı qeyd edib ki, uşaqlar belə söz və ifadələrlə onsuz da həyatın müxtəlif mərhələlərində qarşılaşırlar:
“Uşaq bu sözləri, ifadələri onsuz da bir yerdə eşidəcək. Bundan qaçış yoxdur. Üstəlik, söyüş eşidərək böyüyən uşağın tərbiyəsiz olduğu haqda əlimizdə heç bir meyar da yoxdur”.
Onun sözlərinə görə, əsas məsələ uşaqları belə söz və ifadələrdən tamamilə uzaqlaşdırmaq yox, onlara düzgün davranış və seçim etməyi öyrətməkdir:
“Uşağı bu cür söz və ya ifadələrdən qorumaq yox, uşağa dürüstlük öyrətmək lazımdır. Mənəviyyat aşılamaq lazımdır. Həyatın gerçəkliklərini göstərməklə o reallığın içində düzgün davranış qaydalarını aşılamaq lazımdır. Uşağa pisi və yaxşını göstərib seçim etməyi öyrətmək lazımdır ki, yaxşını seçsin”.
Folklorşünas hesab edir ki, sözügedən söz və ifadələr uşaqlar üçün ciddi təhlükə kimi qiymətləndirilməməlidir:
“Bu söz və ya ifadələrdən elə dəhşətli bir şey yoxdur. Guya o xanımın uşağı bu sözləri bilmir? Məktəb, bağça, həyət var. Uşaqlar bir-biri ilə ünsiyyətdə olur”.
A.Qəzənfərqızı bu cür şikayətlərin də əsassız olduğunu düşünür:
“Bu kimi şikayətlər boş-bekar qalıb, oturub danışan insanlardır. Mənim tərbiyə meyarım belə deyil”.
Yazıçı Şərif Ağayar isə bildirib ki, nağıllarda bu tip ifadələrə rast gəlinir və sözügedən nümunədə “xiyar” sözünün təhqiramiz mənada işlədildiyini düşünmür.
“Nağıllarda elə ifadələr var. Xiyar, məncə, təhqiramiz işlənmir orada. Alleqoriyadır”.
Ş.Ağayar bununla yanaşı, folklor nümunələrinə müasir dövrün tələbləri baxımından yanaşmağın daha doğru olduğunu bildirib.
“Amma ümumilikdə yeni dövrün tələbləri ilə baxmaq daha yaxşı olar. Eyni zamanda folklorumuzda, klassik şeirdə və xalq şeirində də belə ifadələr çoxdur. O zaman çox sərt səslənmirdi, indi sərt səslənir”.
Yazıçı qeyd edib ki, folklor və ədəbiyyat nümunələrində bu gün fərqli qəbul edilə bilən ifadələrə rast gəlinir:
“Məsələn, aşıq şeirində və bizim bəzi yazıçılarımızın əsərlərində “arvad” sözü təhqiramiz mənada işlənir, qadına seksist yanaşma isə dizboyudur”.
Ş.Ağayarın sözlərinə görə, mətnlərə həddindən artıq müdaxilə etmək də doğru deyil. Çünki bu zaman əsərin məntiqi və məzmunu pozula bilər.
“Lakin çox müdaxilə etmək də olmur. Çünki mətnin məntiqi və məzmunu pozula bilir”.
O hesab edir ki, bu məsələyə yeni yanaşma lazımdır:
“Yeni yanaşma lazımdır. Ancaq məsələyə həssas, peşəkar və məsuliyyətlə yanaşmaqla”.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































