
- A-
- A
- A+
Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK
Məhkəmə eksperti olmayan şəxslərin bu fəaliyyəti ilə məşğul olmasına görə cərimələr müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmasına, o cümlədən özünə münasibətdə “məhkəmə eksperti” və ya təşkilatlarının adında “məhkəmə ekspertizası” sözlərindən istifadə olunmasına görə fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək.
Məhkəmə ekspertinə hər hansı formada təsir göstərilməsinə və ya məhkəmə ekspertizası aparıldığı zaman məhkəmə ekspertinə mane olunmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər doqquz yüz manat məbləğində cərimə olunacaq.
Məhkəmə ekspertizası idarəsi rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələr tərəfindən məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrinin və texniki məlumatların məhkəmə ekspertizası idarəsinə təqdim edilməməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər isə üç min manat məbləğində cərimə ediləcək.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































