Yəqin ki, adların insan taleyində bir rolu var. Çünki haqqında bəhs edəcəyim şəxsin adı Səyyarə Namazovadır. Adı kimi taleyi də səyyardır. Gah sənəti, gah tənhalığı, gah da bacısının xəstə qızının qayğıları arasında səyyar bir ömür yaşayıb...
Səyyarə Namazova 1940-cı ildə anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişiləri Komitəsinin Ekran Yaradıcılıq Birliyində televiziya filmlərinin montajçısı kimi əmək fəaliyyətinə başlayıb. 1994-cü ildə Teleradio Verilişləri Yayımı Texnologiyasının İstismarı və İnkişafı şöbəsində texnik, 1999-cu ildən Texniki Nəzarət İdarəsinin Kino materiallarına nəzarət sahəsinə texnik vəzifəsində çalışıb.
Səyyarə Namazova eyni zamanda həvəskar fotoqraf olmuşdur. 41 il müddətində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Aktrisanın təbəssümü”x9d, “Bayramda yağış”x9d, “Buta”x9d, “Habil Kaman”x9d, “Poladın mahnıları”x9d, “Salam, Zeynəb!”x9d və digər çoxsaylı filmləri montaj etmişdir.
Səyyarə xanım dəfələrə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən, 1972 və 1977-ci illərdə Moskva Dövlət Televiziyası tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Hal-hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin əmək veteranıdır.
Bacısının və anasının ölümündən sonra Səyyarə Namazova öz bacısının xəstə qızına baxmaq məcburiyyətində qalmışdır. Heç vaxt ailə həyatı qurmayıb və bütün ömrünü Azərbaycan Televiziyasına, bir də bacısı qızı Həyata həsr etmişdir. Heç bir fəxri adı, ordeni yoxdur. 190 manat təqaüdlə dolanır. Birotaqlı evdə yaşayır. Bu pulu özünün və bacısı qızı Həyatın dərmanlarına xərcləyir. Bəzən mağazalarda ona pulsuz ərzaq verirlər, bəzən də heç ərzaq almağa pul tapmır.
Həyatın 42 yaşı var. Hərəkətetmə, danışma qabiliyyəti yoxdur. Səyyarə xanım onun qulluğunda durmaqla skleroz xəstəliyi tapmışdır. Lakin o Həyatı çox sevir. Həyatla söhbətləşir, onu əzizləyir, bacısının və anasının ətrini Həyatdan aldığını deyir.
Rəşid Behbudov, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Zeynəb Xanlarova, Flora Kərimova, Cəmil Quliyev kimi şəxslərlə bərabər çalışan Səyyarə Namazova hal-hazırda unudulub, yaddan çıxıb. Onu xatırlayan bəlkə də yoxdur. Amma bu gün muxtəlif vəzifələrdə çalışan Cəmil Quliyevin kurs işini və diplom işini məhz Səyyarə xanım montaj etmişdir. O, Cəmil Quliyevi çox mədəni, tərbiyəli, nəzakətli bir gənc kimi xatırlayır. Çox istəyir ki, Cəmil müəllim heç olmazsa bir dəfə ona baş çəksin.
Eyni zamanda adı sadalanan şəxslər haqqında sənədli filmlərin montajçısı olan Səyyarə Namazova deyir ki, Zeynəb Xanlarovanın sənətə yenicə qədəm qoyduğu vaxtlarda onunla çox yaxın olublar. Hətta işdən sonra Zeynəb xanım Səyyarə xanımı öz maşını ilə evinə aparırmış.
Görüşümüz zamanı o bizə çoxlu xatirələrindən danışdı. Olduqca çətin şəraitdə, ağır xəstəlik içində yaşayan bu sənət fədaisi indi ancaq Həyatı düşünür. O narahatdır ki, başına bir iş gələrsə, Həyata baxan olmayacaq. Bizimlə söhbəti zamanı Həyatın başını sığallayır, “Həyat ağıllı qızdır”x9d, “Çox yaxşı uşaqdır”x9d deyir. Biz də biz-biz olan tüklərimizi, dolan gözlərimizi gizlədib onu dinləməyə çalışırıq. Boğazımız düyünlənəndə danışmamaq üçün şəkillərə baxaraq fikrimizi yayındırırıq.
Bu görüş zamanı nə hislər keçirdiyimi sizə ifadə edə bilmərəm. Ömrünün yarıdan çoxunu Azərbaycan Televiziyasına, Azərbaycan filminə, montaj sənətinə - bir sözlə Azərbaycan Mədəniyyətinə həsr edən qadının acınacaqlı vəziyyəti mənə bir daha sübut etdi ki, ölkəmizin mədəniyyət xadimlərinə biganə olduğu bir vaxtda bu sahədə çalışmaq gənclərimiz üçün böyük təhlükədir. Amma nə etməli?! Bu elə sevgidir ki, izah etmək olmur.
Səyyarə xanım Namazova da deyir ki: “işimi çox sevirəm. İndi də mən o yerlərə getmirəm ki, ağlamayım. Gözümə mirvari suyu gəlib. Ağlamaq olmaz mənə. Elə gözlərimi də sənətimə qurban etmişəm. Saatlarla ekran qarşısında oturub işləyirdim, duran kimi gözlərim ağrayırdı. Əllərimlə gözlərimi tutub yeriyirdim.”x9d
Gözlərini sənətə qurban edən sənətkar, Azərbaycan Televiziyasının nəinki montaj sahəsində, eyni zamanda yaranmasında əvəzsiz xidməti olan qadın, indi öz gözləri üçün, skleroz xəstəliyi üçün dərman almağa pul tapmır. Belə olan halda hansı inkişafdan, hansı tərəqqidən danışırıq? Nədir bu sünilik? Bu eybəcər pafoslar bizə nə verəcək?
Səyyarə xanıma prezident təqaüdü verilməlidir. Axı bu qadın Azərbaycan Televiziyasının yaradıcılarından biridir. Onun əməyindən, zəhmətindən bəhrələnib indi muxtəlif böyük kürsülərdə oturanlar heç vicdan əzabı çəkmirmi? Deyəcəksiz ki, ömrün-günün ahıl yaşında bu təqaüd Səyyarə xanımın nəyinə lazımdır? Amma bu il 75 illik yubileyi olan Səyyarə xanım dünyada olmazsa, Həyata baxan olmayacaq. O, özündən sonra Həyatın yaşayışını təmin etmək üçün pul toplamaq istəyir.Əslində bu təqaüdə ehtiyacı olan təkcə Səyyarə Namazova deyil...
Səfura İbrahimovanın, Gülnar Salmanovanın, Elmira Əliyevanın, Səyyarə Namazovanın vəziyyəti Azərbaycan İncəsənətinin vəziyyətini bizə kifayət qədər göstərir. Elə Lütfiyyə Səfərova, Xanım Qafarova da bunun qurbanı oldular. Qəribəsi budur ki, belə halları daha çox qadın sənətkarlarımızda görürük. Amma Siyavuş Aslan, Telman Adıgözəlov və başqa kişi sənətkarlarımız da rahatlıq və rifah içində ölmədilər. Rasim Balayev kimi özündə tarix yaşadan aktyorun giley-güzar dolu müsahibəsini də bu yaxınlarda oxumuşduq...
Müəllif: Orxan Bahadırsoy











































































































