Aleksandr Dümanın Qubada çimdiyi HAMAM – Qapılarına kim qıfıl vurub? - FOTO

Hazırda oxunan: Aleksandr Dümanın Qubada çimdiyi HAMAM – Qapılarına kim qıfıl vurub? - FOTO

57382

Quba şəhərindəki unikal və özündə faciəli soyqırım tariximizi yaşadan “Günbəzli hamam”ın qapıları turist və ziyarətçilərin üzünə bağlıdır.

On səkkizinci və on doqquzuncu əsrlərdə şərq memarlığı üslubunda inşa edilmiş bu tarixi abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansındadır.

1985-ci ilədək hamam kimi istifadə edilən Günbəzli, yerli camaatın "Çuxur hamam" adlandırdığı bu orijinal üslublu tikili özündə həm tarixiliyi, həm də erməni vəhşiliyinin acılarını yaşadır.

Tarixi önəmliliyinə nümunə kimi, məşhur fransız yazıçısı Aleksandr Dümanın Qafqaza səyahətə zamanı bu hamamda çimdiyini də göstərmək olar.

1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı günbəzli hamam onların əlində insanlara işgəncə vermək üçün məkan seçilib. Erməni daşnakları Quba sakinlərini hamamın buxarında boğaraq meyitlərini qalaq-qalaq çalalara basdırıblar. 

Uzun müddət baxımsız olan “Günbəzli hamam” 2016-2018-ci illərdə Amerika səfirliyinin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə əsaslı bərpa edilib. Bərpa işlərini azərbaycanlı ustalar görüb və hamamın memarlıq üslubu qorunaraq qədimiliyi saxlanılıb. 

“Günbəzli hamam” təmirdən sonra tarixi abidə kimi turizim marşurutlarına salınıb və ziyarətçilərin istifadəsinə verilib. Amma nədənsə qapıları bərk-bərk bağlanaraq bir daha açılmaması məsləhət olub. Abidənin qapısını yalnız onu mühafizə edən mədəniyyət işçiləri bura təşrif buyurandan-buyurana açıq görmək olar.

Bizim.Media olaraq ötən gün bizə də tarixi hamama çöl hissəsindən tamaşa etmək nəsib oldu. Qapısını bağlı gördüyümüz "Çuxur hamam"ın sən demə, daimi baxıcısı yox imiş. 

Tariximizin qiymətli memarlıq incisi olan “Günbəzli hamam”ın turistlərin üzünə hansı səbəbdən bağlı olmasına Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanovdan aydınlıq gətirməsini istədik. Sabit Qurbanov bildirdi ki, xidmətin Quba rayonunda 6 mühafizəçisi var və onlar rayon ərazisindəki tarixi abidələrin mühafizəsini həyata keçirirlər:

“Konkret olaraq Günbəzli hamamın daimi mühafizəçisi yoxdur. Amma abidəni ziyarət etmək istəyən olduqda qapıları açıq saxlayırıq”.

İdarə rəisi onu da qeyd etdi ki, Çuxur hamamın daimi fəaliyyətdə olması üçün planları var:

"Günbəzli hamamın nəzdində daş abidələr muzeyi və ya mədəniyyət mərkəzi açmaq barədə təkliflər paketimizi yollamışıq. Ümidvarıq ki, bu ideyalarımızı yaxın vaxtlarda reallaşdıra biləcəyik".

Mənzərə ürək açan olmasa da Sabit Qurbanovun söylədiklərinə inanaraq bir az da səbr edək. Bəlkə bu qədim abidənin qapıları da hansısa “sim-sim” sehri ilə açıldı. Mövzunu bir müddət sonra gündəmə qaytaracağıq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO