Yazıçı Seyran Səxavət bu gün "Qanun" nəşriyyatında olub və nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ilə görüşüb.
Daha sonra mətbuata nəşriyyatın ətrafında baş verən hadisələrlə bağlı açıqlama verən yazıçı bildirib ki, “Qanun” nəşriyyatını ölkənin ən qabaqcıl nəşriyyatlarından biri hesab edir: "Bu nəşriyyat xeyli qiymətli kitablar nəşr edir. Nəşriyyatın məhsulları məzmunu qədər estetik baxımdan da gözəldir. Bu da oxucuda maraq oyadır. “Qanun”un bir özəlliyi də odur ki, istedadlı, amma imkansız gəncləri önə çıxarmağa köməklik göstərir.
Nəşriyyatın 150 min manat cərimələnməsinə münasibətini bildirən S.Səxavət deyib: “Qanun”un cərimələnməsinə təəccüblənmədim, amma çox qəzəblə qarşıladım. Nəşriyyatı cərimə etməzlər, nəşriyyata kömək edərlər. Azərbaycanda cərimələnəsi, cəzalanası o qədər təşkilatlar var ki... Onların hamısı cərimələnəndən sonra (əslində bu prosses 15-20 il çəkər) keçmək olar nəşriyyatlara. Biz kitaba and içirik, bundan müqəddəs nə var ki? Nəşriyyat dönər istehsal etmir, kitab istehsal edir. Dönər istehsal edənlə kitab istehsal edənə eyni gözlə baxdıqca ölkədə, cəmiyyətdə heç bir inkişafdan söz gedə bilməz. Düşünürəm ki, nəşriyyatın bu problemini elə Azərbaycansayağı həll etmək lazımdır.
“Qanun” həm də mənə çox doğmadır. Burda mənim üç kitabım (“Yəhudi əlifbası” “Qaçaqaç”, “Palıd toxumu”) nəşr olunub, bu kitablar da ömrümün 30 ili deməkdir. Mən indiyə qədər heç vaxt prezidentdən nəsə xahiş etməmişəm. Amma indi xahiş edirəm ki, “Qanun” nəşriyyatına kömək etsin".
Musavat.com






































































































