“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, hərbi ekspert Üzeyir Cəfərov üstüörtülü şəkildə olsa da mətbuatda onun haqqında səsləndirdiyi fikirlərə görə deputat Aydın Mirzəzadəni Moderator.az-a açıqlamasında sərt ifadələrlə ittiham edib və onu yerində olmayan adam kimi xarakterizə edib:
“Milli Məclisin üzvü Aydın Mirzəzadə bu yazıda ad çəkməsə də, mənə də sataşıb. Ondan fərqli olaraq, mən ad çəkirəm və bu şəxsə deyirəm ki, yetər artıq boş-boşuna danışmağınız. Siz MM-in Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədr müavinisiniz. Sizin yarıtmaz faəliyyətinizdir ki, bu gün güc strukturları yüzlərlə problem yaşayırlar. İndi Siz bu qoca və çəlimsız erməni dığasına görə öz həmvətnlərinizi təhqir etməkdən belə çəkinmirsiniz. Mənə elə gəlir ki, Sizin cavabınızı MTN verməlidir. Çünki Siz bu qurumda çalışanları və onların əməkdaşlarını təhqir etmisiniz. Mən Sizdən fərqli olaraq heç vaxt belə lazımsız şeyləri dilimə gətirməmişəm və gətirmərəm də. Ona görə də söz deyəndə bir qədər məsuliyyətli və diqqətli olun. Hörmətli millət vəkili Aydın Mirzəzadə yaxşı olardı ki, MN-nin rəhbərliyindən maraqlanardı ki, necə olur ki bu qoca adam çox sərbəst şəkildə qoşunların təmas xəttini keçib kənd ərazisinə qədər gəlib çıxıb? Bir də Aydın Mirzəzadə unutmasın ki, onun və onun kimi millət vəkillərinin bir vaxtlar təriflədiyi Şəmkir Hərbi birləşməsində bir neçə il bundan əvvəl hadisələrin sayı o qədər çox oldu ki, axırda ölkə başçısı məcbur qalıb Azərbaycan tarixində ilk dəfə birləşmə komandiri general-mayor Çingiz Şəfiyevin rütbəsini əlindən aldı. Tam məsuliyyətimlə deyirəm ki, Aydın Mirzəzadə MM-də Təhlükəsizlik və Müdafiə Məsələləri komitəsinin sədr müavini kimi təsadüfi adamdır və istərsə biz onunla istənilən səviyyədə görüşüb fikir mübadiləsi də apararıq. Bu gün ordu sıralarında baş verən çoxsaylı hadisələrin kökündə A.Mirzəzadənin də təmsil olunduğu MM-in hərbi sahə ilə bağlı qəbul etdiyi bəzi əlavə və dəyişikliklərin də "böyük rolu" var.”


































































































