Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və İğdırda fəaliyyət göstərən İğdır Genc Girişimçiler Kurulunun təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə 7 avqustda Türkiyənin İğdır vilayətində “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçiriləcək.
Moderator.az teleqraf.com-a istinadən xəbər verir ki, tədbir “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində həyata keçiriləcək. “Azərbaycan-Türkiyə Kültür Gecəsində” Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova, onun rəhbərlik etdiyi “Bülbüllər” qrupu və gənc ifaçı Aynişan Quliyeva geniş konsert proqramı ilə İğdırlılar qarşısında çıxış edəcəklər. Qeyd edək ki, İğdır vilayəti Türkiyədə Azərbaycan türklərinin ən sıx yaşadığı bölgədir. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və İğdır Genc Girişimçiler kurulu müqəddəs Ramazan bayramında “Azərbaycan-Türkiyə Kültür Gecəsində” bütün İğdırlıların və ətraf bölgələrin insanlarının böyük zövq alacağına inanır və belə tədbirlərin iki qardaş dövlətin ortaq mədəniyyətinə öz töhfəsini verəcəyinə inanırlar.
Tədbirdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva da iştirak və çıxış edəcək. 7 avqust tarixində İğdırın mərkəzində keçiriləcək “Azərbaycan-Türkiyə Kültür Gecəsi" Türkiyə vaxtı ilə saat 20:30-da başlayacaq.
































































































