Bu gün kitab oxuyan insanların çoxu xarici ədəbiyyata meyl edirlər. Görəsən, buna səbəb bizdə yerli ədəbiyyatın yetərincə olmamasıdır, yoxsa insanlar onlara lazım olanı xarici ədəbiyyatda tapırlar?
“Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu Moderator.az-a açıqlamasında bildirdi ki, bir çox ölkələrin özündə xarici ədəbiyyatdan çox öz yerli ədəbiyyatına meyl edirlər və bunun da səbəbləri var:
“Amerikalı üçün onun yerli ədəbiyyatı xarici ədəbiyyatdan daha maraqlıdır. Köhnə sovet ölkələri üçün isə xarici ədəbiyyat daha maraqlıdır və mənə elə gəlir ki, oxucular axtardıqlarını yerli ədəbiyyatda tapmadıqlarına görə xarici ədəbiyyata meyl edirlər. Türkiyənin özündə də yerli ədəbiyyat oxunur. Orda yerli ədəbiyyat yarım milyon tirajla çap olunur. Bu məncə oxucunun eşitmək istədiyi fikirlərin daha çox xarici ədəbiyyatda olmasıyla bağlıdır. Amma bütün hallarda yerli ədəbiyyat çox olmalıdır ki, bu ədəbiyyata maraq çoxalsın. Bizdə ədəbiyyatla bağlı yarış yoxdur. Yalnız yazıçı olmaq və istedad bəs etmir, burda maddi maraq da olmalıdır. Azərbaycanda yazıçı yazdığı kitabla dolana bilmir, axı”.
Ş.Xuduoğlu dünən doğum günü olan şair Salam Sarvanın yaradıcılığına da münasibət bildirib:
“Salam Sarvanın bir neçə kitabını nəşr etmişik. Sonuncu dəfə “Heykəl tənhalığı” adlı kitabını da çap etdik. Salam təkcə istedadlı şair deyil, o, həm də yaxşı tərcüməçidir. Salamın yazdığı pis şeir yoxdur. Onun bizdə çap olunan bütün kitabları satılıb. Mən də öz növbəmdə sizin vasitənizlə Salamın doğum gününü təbrik edirəm”.xa0
Vasif Əlihüseyn





































































































