Bu gün, noyabrın 8-i Azərbaycanda ilk dəfə Şuşa Şəhəri Günü qeyd edilir.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib - FOTO
Şəhərin düşmən işğalından azad olunmasından 3 il ötür.
Belə ki, Şuşa 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.
Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib.
Qeyd edək ki, noyabrın 7-də ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər edib, bir sıra müəssisələrin açılış mərasimlərində iştirak ediblər.
Bu ilin sonunda Şuşada yaşayış kompleksinin başa çatdırılması planlaşdırılır, 2024-cü ilin birinci rübündə isə köç başlayacaq.
Bizim.Media