90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd Ümid Partiyasının sədri, eks millət vəkili İqbal Ağazadə iyunun 1-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonu Yenicə kəndində seçicilərlə ilk görüşünü keçirib.
Seçki Qərargahından Moderator.az saytına verilən məlumata görə, Yenicə kəndində qapı-qapı kampaniyası keçirdiyi vaxt İ. Ağazadə gözlənilmədən kampaniyaya qoşulub.
Kənd mərkəzində olan seçicilər namizədlərini coşğu ilə qarşılayıblar. Namizəd əvvəlcə seçicilərin problemlərini dinləyib. Seçicilər bildiriblər ki, onun parlament fəaliyyətindən xəbərdardırlar.
İ.Ağazadə həmişə xalqın problemlərini parlamentdə qaldırıb və onun həllinə çalışıb. Bu səbəbdən onlar İ.Ağazadəyə etimad göstərir, Ağdaşın problemlərini parlamentdə qaldıracağına və həlli istiqamətində çalışacağına inanırlar.
Elə seçicilərlə ilk görüşdə İqbal Ağazadənin rəqibi olan hakimiyyət namizədinin "Ağdaşlılar Ağdaşlını seçsin" seçki şüarını heçə endirdi dedi ki, biz vətənimizi rayonlara kəndlərə məhəllələrə bölmürük "Ağdaşdan ağdaşlı seçilməlidir"deyimi yanlış və zərərli sayırıq.Vətəni hissə-hissə deyil bütöv sevmək lazımdır. Harda AZƏRBAYCAN adı varsa, mən oralıyam. Mən qarabağlı, şəkili, naxçıvanlı, təbrizli, borçalılı, göyçəliyəm, nəhayət, həm də ağdaşlıyam.
Daha sonra İ.Ağazadə seçicilərin suallarını cavablandırdı. Görüşdə iştirak edən seçicilər İqbal Ağazadəni sona qədər dəstəkləyəcəklərini və 18 iyunda ona səs verəcəklərini bəyan etdilər.
Qeyd edək ki, bu gün Qaradeyin kəndində də İqbal Ağazadənin seçki qərargahı qapı-qapı təbliğat kampaniyası həyata keçirib.
Seçicilər qərargah üzvülərini mehribanlıqla qarşılayıblar. İ.Ağazadə övladına toy edən seçicilərdən birinin dəvəti ilə Qaradeyindəki toy ziyafətində iştirak edib və toyu olan gənclərə xoşbəxtlik arzulayıb.
Qaradeyin seçiciləri də seçkidə İqbal Ağazadəni dəstəkləyəcəklərini bildiriblər.
Seçki qərargahının qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.











































































































