Moderator.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin iclası keçirilib. İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, Ali Məclisə və təşkilata yeni üzvlər seçilib. Ali Məclisin sədri Barat İmani giriş sözü ilə çıxış edib, müzakirə olunacaq məsələləri təqdim edib.
QAT sədri Akif Nağı təşkilatın
gördüyü işlər, cəbhə bölgəsinə səfər, hazırki vəziyyət, cəbhədəki son
qarşıdurma, təşkilatın vəzifələri ilə bağlı çıxış edib. QAT sədri qısa müddətli
müharibənin gedişi, nəticələri ilə bağlı fikirlərini səsləndirib, təşkilatın vəzifələri
ilə bağlı təkliflərini verib. Barat İmani, Mehriban Abdullayeva, Fəridə Əsgərova,
Elbrus Novruzov, Elxan Rəhimov, Arzu İsmayılov, Nəsib Cəfərov, İlqar Əli, Ağasəlim
Həşimov, Səyyarə İsmayılova, Növrəstə İbrahimova, Zərəngül Əliyeva və digərləri
məruzə ətrafında çıxış edərək təkliflərini veriblər.
Ali Məclisin qərarında
göstərilir ki, cəbhədə hərbi əməliyyatların başlanması tam düzgün qərar idi, əməliyyatlar
uğurlu hesab edilməlidir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti tam aydınlığı
ilə nümayiş etdirildi, cəmiyyət Ordunu tam müdafiə etdi. Cəmiyyətdə döyüş ruhu nümayiş etdirildi. Qərarda həmçinin hərbi əməliyyatların
dayandırılmasına sərt etiraz bildirilib, hərbi əməliyyatların dərhal davam
etdirilməsi tələb olunub: Azərbaycan heç bir aralıq təkliflərə razılaşmamalı, əvvəl
bir neçə rayonun qaytarılması və sair bu kimi yarımçıq təklifləri birmənalı şəkildə
rədd etməli, hərbi əməliyyatlar təcili bərpa olunmalı, torpaqlarımız tam azad
edilənə qədər davam etdirilməlidir.
İclasda cəbhə bölgələrində
təbliğat qruplarının yaradılmaı, aksiya, dəyirmi masa və digər tədbirlərin
keçirilməsi də qərara alınıb.







































































































