Qarabağ müharibəsi veteranı və əlili, ehtiyyatda olan polkovnik-leytenant Habil Şirinov dünən dünyasını dəyişənxa0Sərdar Həmidov barədə düşüncələrini Moderator.az ilə bölüşüb:
"Hörmətli həmvətənlərim. Xalqımızın igid oğlu Sərdar Həmidovun vəfatı münasibəti ilə bütün vətənpərvər insanlara, Türk dünyasına, Həmidovlar ailəsinə dərin hüznlə baş sağlığı verməyi özümə borc bilirəm. İnsan var sağlığında o dünyasını qazanır. Məhz, Sərdar bəy belə insanlardan olub. O bütün varlığı ilə vətəninə, torpağına bağlı insan idi. Bu hiss ona kökündən gəlmişdir. Vətənpərvərlik Həmidovların qanındadır.
Mən 1989-cu ilin sentyabrında könüllü Ağdərənin İmarət-Qərvənd kəndinə həkim kimi getdim. Həmin ilin dekabrında DİN-nın bir qrup polisi kömək üçün kəndə gəlmişdilər. Onlara rəhbərlik edən İsgəndər Həmidovla burada yaxından tanış oldum. Daha sonra İsgəndər bəy məni qardaşı Sərdar bəylə tanış etdi. Həmin vaxtlar o Tərtər Rayon İstehlak Cəmiyyətinin sədri idi. Və mən Sərdar bəy kimi vətənpərvər oğulları görəndən sonra daha da ümidləndim. Çünki, məhz onun kimi insanların mayası vətən sevgisi ilə yoğrulmuşdur. Sovet irticasının ən qorxunc vaxtında Qarabağın kəndlərində, Kəlbəcərdə ermənilərə qarşı döyüşçü dəstələrinin yaranmasında İsgəndər bəylə birlikdə Sərdar bəy heç nədən qorxmayaraq maddi və mənəvi dəstək olmuşdur. Sərdar bəy haqqında nə qədər deyilsə də onun etdikləri xatirələrə sığan deyil. O, ömrünün axırına kimi öz xalqına, vətəninə sadiq qaldı. O, ŞƏHİDLİK zirvəsinə yüksəldi. Təki vətən sağ olsun."































































































