“Qərblə Ermənistan arasında təhlükəsizlik paktı regionu müharibəyə sürükləyir” – Xarici analitiklərin ŞƏRHİ

Hazırda oxunan: “Qərblə Ermənistan arasında təhlükəsizlik paktı regionu müharibəyə sürükləyir” – Xarici analitiklərin ŞƏRHİ

184435

Bu ilin 5 aprel tarixində Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti Brüsseldə bir araya gələcəklər. Görüş zamanı ölkələr arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılır. 

Lakin sözügedən paktın imzalanması suallar doğurur. Xüsusilə də, sözügedən sənədin imzalanması Cənubi Qafqazda sülhə vurulan zərbə, eyni zamanda Rusiyaya qarşı açılan növbəti cəbhə kimi də dəyərləndirilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri, politoloq Anton Bredixin və amerikalı təhlükəsizlik eksperti İrina Tsukerman sözügedən paktın meydana çıxara biləcəyi problemləri şərh ediblər.

“Rusiya ilə toqquşma qaçılmaz olacaq”

Politoloq Anton Bredixin hesab edir ki, ABŞ fürsətdən istifadə edərək, Ermənistanda hərbi baza yaratmağı düşünürsə, bu zaman Rusiya ilə toqquşma qaçılmaz olacaq:

“Əlbəttə, mən bu müqavilənin mətni ilə tanış olmaq istərdim. Əks halda, ABŞ və Aİ-nin Ermənistana nə təminat verə biləcəyini anlamaq çətindir. Son vaxtlar onlar Ukrayna ilə fəal şəkildə təhlükəsizlik sazişləri imzalayırlar. 

Əgər İrəvanla razılaşma hərbi bazaların və hərbi kontingentlərin yerləşdirilməsi xarakteri daşıyırsa, bu, faktiki olaraq Ermənistanın KTMT-dən çıxması demək olacaq. Buna Rusiyadan cavab tədbirləri gecikməyəcək. Belə olacağı təqdirdə, Rusiyanın hərbi əməliyyatlara başlamağa hüququ var”, - deyə A.Bredixin deyib.

“Ermənistanın heç bir dəlili yoxdur”

Amerikalı analitik İrina Tsukerman isə hesab edir ki, Azərbaycanın işğalda olan kəndlərinin qaytarılması ilə bağlı fikirlərə Paşinyanın müsbət yanaşması, imzalanacaq pakt istiqamətində də suallar yaradır:

“Xüsusilə, ABŞ-ın əsas məqsədi Rusiyanın Ermənistanda nəzarəti ələ keçirməsinin qarşısını almaq və regionda dominant mövqe yaratmaq cəhdini davam etdirməkdir. Aİ-nin bəzi ölkələri də İrəvanın tərəfində mövqe tutublar. 

Bununla belə, Paşinyan mübahisəli ərazilərin bir qisminin qaytarılmasına razılıq verdiyi vaxtdan etibarən Ermənistan üçün bu iddianı irəli sürmək daha çətindir. Xüsusilə də, Azərbaycanın Ermənistanı müharibə ilə təhdid etməsilə bağlı da hər hansı dəlilin olmaması fonunda, Ermənistanın sözügedən paktı imzalaması şübhəli görünür”.
Görünən mənzərə bundan ibarətdir ki, istər Aİ ölkələrinin, istərsə də ABŞ-nin Cənubi Qafqaza daxil olması sülhdən çox münaqişə ocaqlarının alovlandırılmasına hesablanıb. Belə olan halda, ən böyük zərbə Ermənistana dəyəcək...

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO