Məhsul boldur, alıcı az... – Qubanın alma bağlarından REPORTAJ – FOTO

Məhsul boldur, alıcı az... – Qubanın alma bağlarından REPORTAJ – FOTO

Hazırda oxunan: Məhsul boldur, alıcı az... – Qubanın alma bağlarından REPORTAJ – FOTO

215556

SSRİ dönəmindən məşhur olan Quba almasının yığımı davam edir. Əksər bağlarda alma yığımı başa çatsa da, gecyetişən sortların dərilməsinə yenicə başlanılıb.

Bəs builki məhsuldarlıq bağbanları qane edirmi?

Söhbətləşdiyimiz yerli fermerlər ənənəvi olaraq satış probleminin olmasını önə çəkirlər. Bildirirlər ki, min bir xərc və əziyyət hesabına yetişdirilən almanın satışı üçün bazar yoxdur. Burada alverçilər daha çox qazanır, nəinki fermerlər.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Rusiya ən çox almanı Azərbaycan, Serbiya və Çindən idxal EDİB


Məlumata görə, yığım yerindən alverçilər tərəfindən ucuz qiymətə alınan meyvə paytaxt və digər bazarlarda baha qiymətə satılır. Bağlarda kiloqramı 20-30 qəpiyə satılan almanın bazarda satış qiyməti 80-90 qəpiyə, bəzən isə 1 manata çatır. Hətta Qubanın şəhər bazarında da almanın qiyməti paytaxtdakı ilə eynidir.


Bağbanlarının mövcud problemləri ilə bağlı Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitki sektorunun müdiri Tarverdi İsmayılov Bizim.Media-nın yerli bürosuna açıqlama verib.
Sektor müdiri almanın satışı ilə bağlı problemin olduğunu qismən təsdiq edib. 

Onun sözlərinə görə, kəndli satış məsələsində sərbəstdir, istəyən məhsulunu bağdaca satır, digərləri isə soyuducu anbara qoyub, qışda da sata bilər. 

Amma bazara əli daha yaxşı çatan bazar dəllallarının almanı yerindən ucuz alıb baha satması bir faktdır. Bu zaman isə kəndli əziyyətinin bəhrəsini görə bilmir.

Onu da nəzərə alaq ki, kəndlilər Qubada bir hektar alma bağına 2000-3000 manat civarında xərc çəkirlər.


Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi hazırda rayonda 10617 hektar alma bağından 80150 tondan çox meyvə yığıldığını açıqlayıb. Məhsuldarlıq isə hələlik 75 sentner təşkil edir.

Tarverdi İsmayılov satışda məhsulun keyfiyyətinin əsas olduğunu deyir: 

“Yığılan almanın hələlik 30-35 faizi Rusiya bazarlarına göndərilir. Əksər fermerlər qış-bahar aylarında satmaq üçün məhsulu soyuducu anbarlarda saxlamağa üstünlük verirlər. Məhsulun 1 tonunun bir ay müddətində anbarda saxlanılma xərci 40 manat təşkil edir”.


Müşahidələrimizə görə, texniki sort almanın emal müəssisəsinə verilməsi də fermerlərə xeyirdən çox, zərər gətirir. Ağacın dibinə tökülən və keyfiyyəti aşağı olan almanı pulla yığdıran fermer bu sort meyvəni konserv zavoduna 4 qəpiyə təhvil verir. 

Bu isə çəkilən xərcləri belə qarşılamır.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Tarverdi İsmayılov sözügedən problemlərin həlli məqsədi ilə fermerlərin təklif və narazılıqları barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verildiyini deyib.

“Qubanın məşhur olan bu tarixi meyvəsini yetişdirən fermerlərə dövlət lazımi köməkliyi edir və problemlərin həlli yolları axtarılır”.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO