“Azərsu” ASC-nin 3 ay əvvəl qazdığı quyuya indi uşaqlar DÜŞÜR – FOTO/VİDEO 

“Azərsu” ASC-nin 3 ay əvvəl qazdığı quyuya indi uşaqlar DÜŞÜR – FOTO/VİDEO 

Hazırda oxunan: “Azərsu” ASC-nin 3 ay əvvəl qazdığı quyuya indi uşaqlar DÜŞÜR – FOTO/VİDEO 

148812

“Azərsu” ASC-nin qazdığı quyu yerli sakinlərin qorxulu bəlasına çevrilib. Belə ki, 3 ay əvvəl Binəqədi Su kanal idarəsi Xocasən dairəsi “Murad” şadlıq sarayının arxasından 100 metr irəlidə yerləşən ünvanda qazıntı işləri aparıb.

Elə o vaxtdan indiyədək, qazılan ərazidə su ilə əhatələnmiş quyu yaranıb. Altından Metropolitenin kabel xəttləri keçən və gün artıqca həcmi genişlənən quyu ərazidəki sakinlərin kabusuna çevrilib. 

Bu şikayətlə Bizim.Media-ya həmin ərazidə yaşayan sakinlərdən biri Yeganə Dilbazova müraciət edib. Vətəndaşın dediyinə görə dəfələrlə ərazi üzrə Su kanal İdarəsinə üz tutsalar da, problemə əncam çəkən yoxdur: 

“Binəqədi Su kanal İdarəsinin əməkdaşları 4-5 metr dərinlikdə qazıntı apararaq ana su xəttinin borusunu partladıb, elə-belə də qoyub gediblər. 3 aydır ki, vəziyyət bərbaddır.

Guya demişdilər ki, hanısa qəza səbəbindən qazıblar. Amma sonra məlum oldu ki, heç problem burada deyilmiş. İndi nə gəlib quyunu doldururlar, nə də qazdıqları ərazini əvvəlki vəziyyətinə gətirilər. 

Su axdıqca, quyu genişlənir. Ərazidə çat və sürüşmə yaranıb. Bir müddət sonra quyudakı su evlərimizə dolacaq. Üstəlik quyu azyaşlılar üçün də təhlükəlidir. Bu yaxınlarda topu ilə birgə quyuya düşən uşağı zorla oradan çıxardıq.

Qorxudan 3 yaşlı övladımı küçəyə qoymuram. Halbuki əvvəl ora düzənlik idi və uşaqlar rahatlıqla oynaya bilirdilər. Sakinlərin də gediş-gəliş yolu idi. İndi gecə qaranlıqda həmin ərazidən keçmək mümkün deyil. Heç palçıq və zığ əlindən də tərpənmək olmur”.

Şikayətçinin sözlərinə görə quyunun altından Metroplitenin kabel xəttləri keçir. Bu da ayrıca təhlükə mənbəyidir. 

Məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında həmin ərazinin kanalizasiya suları ilə əhatələndiyini deyib:

“Orada yaşayan sakinlər şanbo qazmırlar və kanalizasiya sularını həmin quyuya axıdırlar. Vaxtilə orada qəza olub və bizimkilər qazıntı aparıblar. Qəzanı aradan qaldırıblar. Ora kanalizasiya suları yığışdığından bu problem var.

Bu gün bizim xəttimizdə hər hansı axıntı yoxdur. Yəqin ki, sakinlər ona görə etiraz edirlər ki, “Azərsu” gəlib orada kanalizasiya xətti qursun. 

Kanalizasiya sistemini isə qurmaq mümkün deyil. Hər tərəf hasarlanıb və çıxış xətti də yoxdur. Vətəndaş kanalizasiya deyil, içməli suyun axıdıldığını iddia edir. Axı içməli su bu cür qara-lilli olmur...” – deyə qurum rəsmisi əlavə edib.

Aidiyyəti qurumun rəsmisi məsələnin ərazi üzrə su kanal idarəsinə yönləndirildiyini və araşdırıldıqdan sonra nəticə barədə açıqlama verəcəklərini bildirib.  

Qeyd edək ki, sakinlər bərbad mənzərəyə məhz “Azərsu” ASC-nin səbəb olduğunu iddia edirlər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən sorğumuza cavab olaraq, faktla bağlı araşdırma aparıldığı bildirilib. 

Maraqlıdır, gələcəkdə hər hansı bədbəxt hadisə yaşanarsa, cavabdehliyi kim daşıyacaq? 

Bu suallar hələki cavabsız qalır... 

Mövzunu diqqətdə saxlayacağıq.





Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO