Sərhədlər nə vaxt açıla bilər? - “Ermənistan yavaş-yavaş razılığa gəlir” - Politoloq 

Sərhədlər nə vaxt açıla bilər? - “Ermənistan yavaş-yavaş razılığa gəlir” - Politoloq 

Hazırda oxunan: Sərhədlər nə vaxt açıla bilər? - “Ermənistan yavaş-yavaş razılığa gəlir” - Politoloq 

11154

44 günlük Vətən müharibəsi dörd aya yaxındır ki, bitib. Hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası gedir.

Mövcud vəziyyətin nə zaman bitəcəyi barədə isə hələ ki, heç bir proqnoz verilmir. Həm də bu proseslərin gedişatından asılıdır. 

Bəs, Azərbaycanla Ermənistan sərhədlərinin açılması hansı proseslərdən sonra başlayacaq? 

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, sərhədlərin açılması haqqında danışmaq hələ tezdir.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın vaxtlarda sərhədlər açılır? - Proqnozun real tərəfi - FOTO


Çünki bunun üçün ilk növbədə iki ölkənin istəyi və sərhəd bölgüsünün tam başa çatması lazımdır.

“Ermənistan işğal zamanı sərhədlərini istədikləri kimi bölüb. Buna görə də onlar sərhəd bölgüsündə bir çox Azərbaycan ərazilərini mənimsəyib. Belə hal ən çox Zəngəzur ərazisində mövcuddur. Artıq iki kənddə məsələ öz həllini tapmaq üzrədir, digərlərində isə işlər həyata keçirilir. İnanmıram ki, bu məsələ tez bir zamanda başa çatsın”.

Politoloq hazırda Ermənistanın Azərbaycana qarşı mövqeyinin dəyişdiyini də qeyd edib
 

“Son gedən proseslərdən görünür ki, Ermənistanın Azərbaycana qarşı olan münasibəti bir qədər istiləşib, yavaş-yavaş razılığa gəlirlər. Burada Ermənistanın baş naziri Nikol Paşinyanın da müsbət rolunu qeyd etmək lazımdır.


O, Azərbaycan ərazilərinin geri qaytarılması məsələsində çox konkret mövqedə durub. Paşinyan xüsusilə Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin qaytarılmasında bunu göstərir. Bu ərazilər Ermənistan üçün anklav, Azərbaycan üçün isə eksklavdır”.

Politoloq hazırda Dövlət Sərhəd Xidmətinin sərhəd xəttlərini müəyyənləşdirdiyini, orada postların və keçid məntəqələrinin yaradılacağını da deyib.
 

“Xüsusilə Qazax ərazisində keçid məntəqəsi yaradılmalıdır. Çünki ermənilər o yoldan istifadə edirlər. Bundan başqa Laçın dəhlizində post və gömrük məntəqəsi olmalıdı. Yəqin ki, gələcəkdə Gədəbəy ərazisində də keçid yaradılacaq.


Bundan başqa Mehri dəhlizində də sərhəd keçid məntəqəsi mövcudluğu vacibdir. Bir məsələni də qeyd edim ki, işğaldan əvvəl Xudafərində də gömrük məntəqəsi var idi. Bu məntəqə artıq bərpa edilib. DSX artıq orada fəaliyyət göstərir. Bütün hallarda düşünürəm ki, bu proseslər ən azı may ayına qədər davam edəcək”.

C.Nuriyevin fikrincə, Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə sərhədlərinin açılmağını istəyir. 

“Azərbaycan da bu məsələyə isti baxır. Çünki bu onların gələcəkdə Qarabağda növbəti cığallıq cəhdlərinin qarşısını alacaq. Düşünürəm ki, sərhədlər açıldıqdan sonra ermənilər Dağlıq Qarabağda qalmayacaq, bu, mümkünsüzdür”.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, sərhədlərin açılma məsələsi ilk olaraq, Ermənistan tərəfinin imzalanan üçtərəfli sülh bəyannaməsinin şərtlərinə əməl etməsindən asılıdır:
 

“Danışıqlar formatından belə məlum olur ki, Ermənistanla Azərbaycan arasında bağlı infrastruktur, yol, dəhliz qalmayacaq. Bütün nəqliyyat inftrastrukturu birmənalı olaraq, açılacaq.


Bura Ermənistandan Qazax istiqamətinə, Azərbaycandan əvvəllər işlək olan Mehri dəhlizi vasitəsilə Naxçıvana və İrəvanla Naxçıvanı birləşdirən keçidlər də daxildir. Ancaq bunların hamısı 1-2 ayın içində həll olunan problem deyil. Bunun üçün yaradılacaq işçi qrupları arasında danışıqlar olmalıdır.

İlk olaraq, qəbul olunmuş bəyanatın şərtlər yerinə yetirilməlidir. Bunun üçün birinci növbədə Dağlıq Qarabağda olan erməni terrorçuları çıxarılmalıdır. Əgər həqiqətəndə ermənilər sülh şəraitində yaşamaq istəyirlərsə gedən proseslərə isti münasibət bəsləməlidirlər.

Bunlar baş verdikdən sonra sərhədlərin açılması barədə məsələ müzakirə oluna bilər. İşçi qrupları artıq bu sahədə öz fəaliyyətlərinə başlayıblar. Proseslər bir-birinin davamı olaraq, həyata keçiriləcək ”.

Sonda ekspert “Əslində sərhədlərin açılması bizdən çox Ermənistanın siyasi hakimiyyətindən asılıdır. Onlar nə qədər bu proseslərə doğru istiqamətdə yönlənsələr, bu açılış prosesini sürətləndirəcək”, - deyə əlavə edib.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO