Əgər  Arif  bəy 228 yox, 225 səs toplasaydı, o zaman ikinici tur labüd idi

Əgər Arif bəy 228 yox, 225 səs toplasaydı, o zaman ikinici tur labüd idi

Hazırda oxunan: Əgər Arif bəy 228 yox, 225 səs toplasaydı, o zaman ikinici tur labüd idi

56638
Moderator.az Müsavat qurultayında başqanlığına namizəd kimi 19 səs toplamış Tural Abbaslı ilə müsahibəni oxuculara təqdim edir:

-Tural bəy, digər namizədlər və  belə demək mümkünsə “köhnə qvardiyanın” üzvləri partiyanın qurultayının nəticələrindən elə də razı qalmadılar. Siz bir sabiq namizəd kimi qurultayın yekunu barədə nə deyə bilərsiniz?

-Digər namizədlərdən fərqli olaraq qurultayda ən az səs topalayan namizəd mən oldum. Düşünürdüm ki, çox  səs alacam. Amma  düşündüyümdən fərqli olaraq qurultay nümayəndələri öz düşüncələrini başqa formada təzahür etdilər.
Seçkinin nəticələrinə gəldikdə isə onu deyə bilərəm ki, biz səsvermə prosesini bir maraqlı tərəf kimi izlədik və hər hansı qanun pozuntusunun olmadığı üçün də yekun protokola imza atdıq. Və biz də  bu nəticədən irəli gələrək yeni seçilən  başqanı təbrik etdik və ona fəaliyyətində uğurlar arzuladıq. Çünki bizim üçün Müsavat Partiyasının qurultayının iradəsi hər şeydən üstündür. Kimin başqan olması önəmli deyil. Baxmayaraq  ki, nəticələr mənim üçün ürəkaçan olmadı.

-Qubad bəy seçki prosesinin ədalətsiz olduğunu deyir, Vurğun Əyyub isə seçkinin nəticələrinin legitmliyinə şübhə ilə yanaşır...

- İstər Qubad bəy, istərsə də Vurğun bəy olsun, hər ikisi siyasi təcrübələri, bilikləri və  keçmişləri olan şəxslərdir. Mən onların fikrini analiz edib, şərh verməyim etik cəhətdən düz deyil. Çünki onlar nə dediklərini, nə üçün dediklərini və bunu doğuracaq  məsuliyyəti başa düşən insanlardır.  O baxımdan onların fikri mənim üçün dəyərlidir və deyilənləri ancaq onların fikri kimi qəbul edirəm.
Yəqin ki, onların səsləndirdikləri firkirlərlə bağlı  faktları var və lazımı məqamda açıqlayacaqlar. 

-Dediniz ki, qurultayın nəticələrindən ən üzülən Siz oldunuz. Səbəbi nədir. İşinizi düzgün qurmamağınızın nəticəsidir, ya yox? Yoxsa başqa bir səbəb var?

-Seçki kampaniyam uğurlu oldu və burada elə bir problem olmadı. Sadəcə seçki mütəxəssisləri yaxşı bilir ki, seçki kampaniyası bir neçə mərhələdən və vəziyyətdən asılı olduğundan  bəzən uğurlu kampaniya da nəticə vermir. Və vəziyyət istənilən anda dəyişə bilir. Biz seçki kampaniyasının uğurlu olduöunu düşünürdük, amma belə olmadı. Çünki qurultaya bir neçə gün qalmış istər partiyada, istərsə də cəmiyyətdə belə bir fikir formalaşmağa başladı ki. rəqabət ancaq Arif bəylə Qubad bəy arasında gedəcək. Bu da proseslərə ciddi təsir etdi. Qurultay nümayəndələri hesab etdilər ki, bu iki şəxs arasındakı mübarizədə iştirak etməklə və  səsləri ilə prosesə təsir edəcəklər. Nəticə də göz qabağında və mən az səs almış oldum. Düzdür, udmaq şansımın yüzə yüz olacağına əmin olmasam da, 70- 80  faiz səsə alacağıma ümid edirdim. Amma nəticələr məni çox mütəəssir etdi.
Əgər  Arif  bəy 228 yox, 225 səs toplasaydı, o zaman ikinici tur labüd idi və ikinci turda da situasiya tam dəyişəcəkdi. Tamamilə fərqli situasiya yaranacaqdı. Bunu görən qurultay nümayəndələri də fərqli situasiya yaranmasın deyə belə bir qərar veriblər. Onlar bu qərarları ilə hesab etdilər ki, Tural bəy ya hazır deyil, ya layiq deyil və yaxud da hələ tezidr. Ona görə də belə mövqe srgilədilər. Biz qurultay nümayəndələrinə zor edə bilmərik ki. niyə belə edibsiniz. Biz qurultayın iradəsi ilə barışacağıq və növbəti addımlarımızı fikirləşib atacağıq.

-Burada söhbət Tural bəydən getmir.  Burada 100 illik bir tarixə malik olan  partiyanın gəncliyə olan münasibətindən gedir və o baxımdan gəncliyi stimullaşdırmaq və proseslərə yeni çalarlar gətirmək üçün belə bir addım atmalı idi. Amma cəmiyyət bunun şahidi olmadı. Burada bir ciddi mühafizəkarlıqla üzləşdi. Bunu necə dəyərləndirirsiniz?

-Bu fikirlə razıyam. Yəni mən orada gəncliyin timsalında yeni sima, güc  təqdim edirdik və təbliğat kampaniyamızı da  bunun üzərində qurmuşduq.  Amma nəzərə alsaq ki, qurultay nümayənədlərinin 5 faizdən azı gəncliyinin nümayəndəsi idi, o zaman hər şey aydındır. Burada hansısa şərhə ehtiyac yoxdur. Ola bilsin yaşlı və orta nəsil biz gəncliyin  verdiyi mesajları düzgün qəbul etməyib və yaxud da biz onu düzgün təqdim edə bilməmişik. Nəticədə  mənə verilən səs də elə qurultayda olan gənclərin  sayı qədər oldu.

-Yəni tarixi olan bir partiyanın ölkənin gələcəyi olan gəncliyə və yenilikçiliyə belə bir münasibət bəsləməsini gözləmirdik. Amma təssüflər olsun ki, 100 illik tarixə malik bir patiya gəncliyə "yox" dedi...

-Təbii ki, mən də sizin fikirlərinizlə yüzdə yüz razıyam. Və biz də  sizin  kimi düşündüyümüz üçün proseslərə qatıldıq. Yoxsa mən  ən zəif namizəd olmaqdansa  hansısa namizədi dəstəkləməklə ən güclü  tərəfdar olardım. Və inanıram ki, həmin namizədin  yanında olsaydım daha üstün statusa malik olardım. Amma biz futbol oyununda güclü azarkeşdənsə, futbolda iştirak edən  ən zəif oyunçu olmağı seçdik. Təbii ki, biz şans isətdik. Biz də ən ali orqanda- başqanlıqda gücümüzü sınayaq. Amma təəssüf ki, qurultay nümayəndələri bizim kimi düşünmədi.  Sizin kimi  qiymətlərdirsəydilər  könül xoş olardı. Təsəvvür edin, 1918-ci ildə  M. Ə.Rəsulzadə yoxdan bayraq yaradanda və Səfəvilərdən sonra Azərbaycan sözünü siyasi leksikona gətirib bi tarixi ərazi quranda, onun ətrafındakıların əksəriyyərinin 30-35 yaşı var idi.  Yaxud da 1988- 92- ci illərdə Ə. Elçibəyin ətrafında olanların əksəriyyətinin  yaş həddi 25-30 yaş arasındaydı. Bu dediklərimi tarix  bir daha dönə-dönə sübut edib ki, belə dəyişiklikləri ancaq gənclik  edib və edir də. Tarixi gənclər yazıb yaradır. Ola bilsin ki. uzun müddət müxalifətdə qalmağımız da bu qərarlara öz təsirini göstərib. O baxımdan dəyişiklik rahat baş vermir. Yəni estafetlik məsələsi çətin olur və qəbul edilmir. 20 illik müxalifətçiliyin mənfi tərəflərindən və fəsadlarından biri də bax  budur. Nə edə bilərik ki, fakt faktlığında qalır və əlahəzrət  fakt hər şeydən üstündür.

-Görünür, uzun müddət müxalifətdə qalmaq da bu insanların siyasi düşüncələrini xirinləşdirib və yenilikçi olmağa imkan vermir.

-Təbii. Belə olanda insanlar daha çox  status- kvo-ya meyilli olurlar.  Formalşamış düşüncə  status ”“kvonu,  tarazlığı  pozmağa imkan vermir. Amma  mənim  təklifim ondan ibarətdir ki,  bu tarazlığı, sabitliyi pozmaq lazımdır və bunun vaxtıdır. Biz təklif  verdik, amma qəbil edilmədi. Çox təəssüflər, nə edə bilərik...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO