Əbülhəsən Abbasov Araz Əlizadəni yıxıb-sürüdü

Əbülhəsən Abbasov Araz Əlizadəni yıxıb-sürüdü

Hazırda oxunan: Əbülhəsən Abbasov Araz Əlizadəni yıxıb-sürüdü

34464

“Araz Əlizadənin leksikonu Hafız Hacıyevdən betər ikrah doğurur”

Son günlər nankor ələkrəm hümbətovun(onun adı və soyadı kiçik hərflərlə yazılmağa layiqdir)İrəvanda və xankəndində sərsəmləməsi və separatçılığa çağıran fikirlər işlətməsi Azərbaycanda diqqətlə izlənilməkdədir. Doxsanıncı illərin əvvəllərində Prezident Aparatında işləyərkən separatçılğa qarşı amansız mübarizə aparan tanınmış alim, filosof, professor Əbülhəsən Abbasovdan onun seçkiöncəsi qulağımızın dibində zühur etməsinə münasibət öyrənmişik. Moderator.az-a açıqlamasında professor çox ilginc faktlar açıqladı.

-Şübhəsiz ki, orda bizim üçün məlum olmayan qüvvələr də var. Çünki bu cür məsələlər təkbaşına olmur və onu hazırlayanlar, həyata keçirən qüvvələrin mövcudluğu da danılmazdır. Əlbəttə, Azərbaycana düşmən olan dairələrin rolu ortadadır və bu bir faktdır. Adətən bu cür işlərdə aysberqin altında görünməyən qüvvələr olur və prosesi də məhz həmin qüvvələr idarə edirlər. Məni ən çox narahat edən bir məsələ odur ki, vaxtilə həmin ələkrəm hümbətovlara dəstək verənlər, ideoloqluq edənlər etdikləri əmələ görə yüngül də olsa cəzalandırılmadılar, ən azı ictimai qınaq obyektinə çevrilmədilər. Bu gün də onlar ələkrəm hümbətovlardan təhlükəli adamlardı.Baxın, Araz Əlizadə özünü necə tərbiyəsiz aparır. Axı o debatlarda deyilən fikirlərə təkcə özümüz baxmırıq, bütün dünya o çıxışları izləyir. Ancaq buna baxmayaraq bu adam orda ağzına gələni deyir. Rəqiblərlə etika və mədəniyyət səviyyəsi gözləməklə hər spektrdə mübahisə etmək olar. Amma professor adama “qələt eləyir” demək əndazəni aşmaqdır. Amma əslinə qalsa o adamın danışmağa haqqı yoxdur. Ona görə ki, ələkrəm hümbətovu, “Sadval”çıları Azərbaycandan aşkar-gizli dəstəkləyənlər, onlara ideoloqluq edənlər elə Araz Əlizadə idi. Vaxtilə qardaşı Zərdüşt də orda iştirakçı idi. Bilirsiniz, ümumən sosial-demokratiya xətti tarixən çox sürüşkən cərəyan olub. Mən daha ağır ifadə işlətmək istəmirəm. Hətta İkinci Dünya Müharibəsinin baş verməsində, faşizmin ortaya gəlməsində sosial-demokratların çox böyük rolu olub. İstər “sadval”çıların dəstəklənməsi, istər Cənub bölgəsində “Talış Muğan Respublikası” adıyla ortaya atılanlara əsas dəstək verənlərin başında Araz Əlizadə dayanırdı. Mən hətta o vaxt Prezident Aparatında işləyəndə məcbur olub getdim sosial-demokratların qərargahına, hər iki qardaşla ciddi söhbət etdim ki, siz bu Azərbaycandan nə istəyirsiniz? İstəyirsiniz 11 rayon şimaldan, 7-8 rayon cənubdan ayrılsın? Bəs siz bununla kimə və nəyə qulluq edirsiniz?Azərbaycanın milli və dövlət maraqlarına, xalqın mənafeyinə toxunan çox ciddi məsələlər olub ki, onlar çoxdan öz zərərli təsirlərini göstərib, bu gün də göstərməkdədir. İndi belə adamlar vaxtında damğalanmadı, vaxtında qınaq obyektinə çevrilmədi, ona görə də bu gün də ortada bu cür əxlaqsızlıq edirlər.

İctimai Televiziyadakı debatları izləyirsinizmi?

- Rəhmətlik Elçibəylə bağlı leksikonlarında nə aşağılayıcı ifadə varsa, onun ünvanına işlətdilər. Elçibəy millətini sevən adam idi, millətsevər və vətənsevər bir cəsarət sahibi idi. Kimin səriştəsi və idarəçilik qabiliyyəti nə qədərdir, bu başqa məsələdir. Amma o bəziləri kimi xalqına düşmən kəsilən, millətini danan adam deyildi ki? Gərək Araz Əlizadə kimi adamlar abırlarına qısılıb bir küncdə sakitcə oturalar, bu siyasi mübarizəni bir biabırçılığa çevirməyələr. Bu xalqın nə günahı var ki, bu cür adamlar efirdən insanları təhqir edirlər?

-Cəmil Həsənliyə olan basqılara biganə qalmazsınız.

-Əlbəttə, deyim ki, həmin debatlarda ağıllı, məntiqli çıxışlar da var. Sözün düzü, mən şəxsi tanışlığımız olmasa da həmişə Zahid Orucun məntiqinə, mülahizələrinə hörmət edən adam olmuşam. Bu öz xəttində, öz mövqeyində söz deyə bilən adamdır və məntiqli danışa bilir. Özü də siyasi diskusiya çərçivələrini gözləyə bilir. Sərdar bəyin özünün diskusiyalardakı iştirakı müsbət dəyərləndirilə bilər. O etika, mədəniyyət çərçivəsində opponentlərinə sanballı və əsaslandırılımış şəkildə iradını da tuta bilir. Hiss olunur ki, Sərdar bəyin bir siyasətçi kimi nəzəri bilik səviyyəsi çox yüksəkdir, atıq bir siyasi lider kimi formalaşdığı aydın hiss olunur. Sərdar bəydə həmçinin siyasi proseslərdə çox güclü öncəgörmə qabiliyyəti var. İqbal Ağazadənin öz fikirlərini, platformasını konkret çatdırmaq bacarığı da diqqətdən qaçmadı. Mən heç bir tərəf tutmuram və məsələyə bir alim kimi yanaşıram. Cəmil Həsənliyə gəldikdə isə ona qarşı o cür davranışları qəbul etmək mümkün deyil və bunu qınayıram. Axı Cəmil müəllim xalqa heç bir pisliyi dəyməyən bir ziyalı, alim, professordur. Belə bir adma qarşı bu cür təhqiramiz ifadələr işlədilməsini necə qəbul etmək olar? Ondan yaşca kiçik adamların ona hücum çəkmələri, hətta bəzən hədələmələri izah olunası məsələ deyil. Siyasi mübarizədə fakt varsa faktla danışılmalıdır.İkincisi, əsaslandırılmış mülahizələr varsa ona demək olar. Amma bu zaman hücumlara,təhqirlərə, təhdidlərə ehtiyac yoxdur. Demək olar ki. bu cür adamların meydana buraxılması ölkənin siyasi ab-havasını bir az da tündləşdirir. Məsələn, Hafiz Hacıyevlə Araz Əlizadənin bu prosedə iştirakı bütövlükdə seçki prosesinə mənfi təsir göstərir. Araz Əlizadənin davranışı, leksikonu Hafız Hacıyevdən də betər ikrah hissi doğurur. Fürsətdən istifadə edərək bir ziyalı kimi fikrimi bildirmək istəyirəm. Siyasi rəqiblər arasındakı mübarizənin bir-birinin ailələrinə, övladlarına qarşı transfer olunmasının qəti əleyhinəyəm. Mən prezident İlham Əliyevə də bir ziyalı kimi müraciət edirəm ki, o bu məsələyə ciddi diqqət yetisin və bu kimi yolverilməz halların qarşısını alsın. Bu cür addımlar nə xalqımızın mənəvi keyfiyyətlərinə, nə bəşəri dəyərlərə uyğun bir məsələ deyil.

-Milli Şuranın 22 sentyabr mitinqini şəxsən izləmək imkanınız oldumu?

-İmkanım daxilində həmişə çalışıram ki, özüm müşahidə edərək obyektiv məlumat əldə edə bilim. Üstəlik də evimizə yaxın olduğuna görə həmin mitinqi özüm müşahidə etmişəm.

-Təəssüratlarınız necədir? İddia olunan narazılığın təsdiqini sübut edən kütlə var idimi?

-Bu barədə gərək ətraflı danışaq, məncə bu çox vaxt aparar. Qısaca olaraq onu deyim ki, insanlar artıq o çeynənilmiş, nimdaşlaşmış şüarlardan beziblər. İnsanlar artıq dəyişiblər və yersiz şüarçılğı qəbul etmirlər. İnsanlar ağıllı adamlara qulaq asmaq, ağıllı fikirlər dinləmək istəyirlər. Ancaq mən bunu görmədim. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO