Ankarada yaşayan 62 yaşlı kimyaçı, keçmiş sahibkar Ali Bektaş yaşadığı maliyyə böhranı nəticəsində evsiz qaldıqdan sonra həyatını qatar səfərləri ilə davam etdirir.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əslən Kırşehirdən olan, Ali Bektaş Ege Universitetinin Kimya fakültəsini bitirib, uzun illər müəllim işləyib, daha sonra isə Ankarada öz kimya şirkətini yaradıb.
Lakin yaşadığı maliyyə çətinlikləri nəticəsində bütün sərvətini itirən Bektaş evsiz qalıb. 82 faiz əlillik dərəcəsi olan Bektaş dövlətin təqdim etdiyi nəqliyyat güzəştlərindən istifadə edərək küçələrdə qalmaq əvəzinə qatarlarla Türkiyənin müxtəlif şəhərlərinə səyahət edir.
“Yaşadığım problemlərdən sonra şirkətim müflis oldu və maliyyə cəhətdən çökdüm. Küçələrdə yaşamağa başladım. Dövlətin mənə verdiyi 82 faizlik əlillik vəsiqəsi sayəsində qatarlarla pulsuz səyahət edə bilirəm. Manisaya da bir qədər nəfəs almaq və şəhəri tanımaq üçün gəlmişəm”, – deyə o bildirib.
Bütün çətinliklərə baxmayaraq həyata nikbin baxdığını deyən Bektaş yaşadıqlarını ilahi sınaq kimi qəbul etdiyini bildirib:
“Bu dünya bir imtahan yeridir. İstər zəngin olaq, istər kasıb, istər sağlam, istərsə də əlil – hamımız sınaqdan keçirik. Küçədə qalmaq, ac və susuz qalmaq asan deyil. Amma bunun da Allahın verdiyi bir imtahan olduğuna inanıram və bunu qəbul edirəm”.
Bizim.Media





































































































