Milli Qvardiyanın keçmiş komandiri, 1993-cü ilin aprelin 4-də işğal təhlükəsiylə üzləşən Füzulinin müdafiəsinə göndərilən polkovnik Əzizağa Süleymanov Moderator.az-a açıqlamasında vaxtilə göstərdikləri xidmətin qiymətləndirilməməsinə etiraz edib:
"1993-cü ilin 2 aprel tarixində Kəlbəcər işğal olundu. 3-4 aprel tarixində isə Füzuli şəhəri mühasirəyə düşmüşdü. Dövlət rəhbərliyi həmim gün Füzuliyə getmişdi. Vəziyyət olduqca ağır idi. Milli qvardiyaçılar həyəcanla ayağa qaldırılmışdı. Komandan əvəzi rəhmətlik Tahir Məmmədovun şəxsi göstərişi əsasında döyüşə mən rəhbərlik etməli idim. Bu arada alay komandiri Gəncədə olarkən komendant saatı ilə bağlı vəzifəsindən kənarlaşdırılmalı idi.
Alay komandiri vəzifəsinə kimin namizədliyi üzərində dayanmaq məsələsi ortaya çıxmışdı. Söhbət iki nəfər arasında idi, namizədlərdən biri də mən idim...
4 aprel tarixində gecə 12-yə 15 dəqiqə qalmış Füzuliyə çatdıq. Füzulinin briqada komandiri Murad Hamidovun təlimatı asasında gecə ilə Milli Qvardiya döyüşə girdi. Üçtəpə yüksəkliyini tutduq, səhərisi isə Məngəlanata yüksəkliyini götürdük.
Sizə təqdim etdiyim bu video bizim xəbərimiz olmadan canlı döyüş gedə-gedə çəkilib, bu da bizim tale yazımızdır. Amma bu döyüşçülərin heç biri bu günədək qiymətləndirilməyib. Üstündən illər keçsə də ölkə başçısına, rəsmi orqanlara müraciət edirik, göndərirlər bir fərarinin üstünə. O da cavab yazır ki, rəsmi sənəd tapılmadı. Bir soruşan yoxdur ki, rəsmi sənədi kim yazmalıdır? Vaxtı ilə təqdimatı yazanı (Tahir Məmmədov-red.) Gəncədə güllələdilər, indi isə bu işlərə rəhbərlik edənlər öz keflərindədir. Axı sizlər ki, bunun canlı şahidisiniz. Necə olur ki, fərarilərə, kargüzarlıqda xidmət keçmiş qadınlara "İgidliyə görə" medalının təqdimatı verilir, mən heç, o döyüşlərdə canlarını qoymuş cəngavər oğullar kimsənin yadına düşmür? Vallah bu şəxsi qərəzlikdən başqa bir şey deyil. Ölkə başçısı sizə etibar edib o vəzifəyə təyin edib ki, ədalətli olasınız. Amma sizlər tamam başqa fikirdəsiniz. Bu yaxınlarda xidmət etdiyim təşkilatın yaradılmasının 20 illiyinə xüsusi medal təsis edilib, dünən xidmət edən əsgərə bu mükafat şamil edilib, bizi isə yada salan olmadı. Hansını deyək? Yaxşı ki, bu video var, qiyməti verən verir, yoxsa bizim heç o döyüşlərdə vuruşduğumuzu da inkar edərlər əllərində imkanları olsa...






























































































