“İstəmirik ki, Azərbaycan dövləti bəzi QHT-ləri maliyyələşdirməkdən imtina etdiyi üçün beynəlxalq məhkəmələrə verilsin”.
Moderator.az xəbər verir ki, bu fikri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bu gün komitənin iclasında "Yaradıcı şəxslər və yaradıcılıq bilrlikləri (ittifaqları) haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, yaz sessiyasında bu qanun layihəsinin komitə çərçivəsində müzakirələri nəzərdə tutulsa da, müəyyən səbəblərdən həmin müzakirələr sonradan təxirə salınıb:
“Ancaq ötən müddətdə bu sənəd üzərində işlər davam etdirilib. Onu da xatırladım ki, bu sənəd bir neçə il öncə parlamentin birinci oxunuşun müzakirələrindən keçib. Belə bir qanunun qəbuluna həqiqətən çox böyük ehtiyac var. Sadəcə, burada ziddiyyət yaradan məsələ ondan ibarətdir ki, opponentlərimizin fikrincə, yaradıcılıq birlikləri və ya ittifaqlarıının fəaliyyəti “QHT-lər haqqında” mövcud qanunla tənzimlənir, ona görə bu yöndə yeni qanuna ehtiyac yoxdur. Bu, formal olaraq belədir. Azərbaycanda tarixi, ənənəsi olan yaradıcılıq təşkilatlarını digər QHT-lərlə eyniləşdirmək olmaz. Çünki Yazıçılar Birliyindən, Bəstəkarlar İttifaqından, Rəssamlar İttifaqından fərqli olaraq, yaradıcılıq fəaliyyəti ilə məşğul olduqlarını iddia edən QHT-lərin cəmiyyət, dövlət qarşısında heç bir cavabdehliyi yoxdur”.
Komitə sədri deyib ki, tarixi, ənənəsi olan həmin yaradıcılq təşkilatlarının sadəcə, QHT-dir deyib üstündən keçmək olmaz:
“Onlar bu millətin mədəniyyəti, tarixidir. Eyni zamanda, yaradıcı şəxslər də millətin sifətidir. Onlar mütləq və mütləq ayrıca qanunla tənzimlənməli və maliyyələşməlidirlər. Burada da əsas problem məhz maliyyələşmə məsələsidir. Çünki mədəniyyətə xidmət etdiklərini iddia edən onlarla, yüzlərlə yaradıcılıq təşkilatları yarana bilər ki, onların da maliyyələşməsi o zaman dövlətin boynuna düşmüş olar. Biz isə istəmirik ki, Azərbaycan dövləti həmin təşkilatları maliyyələşdirməkdən imtina etdiyi üçün beynəlxalq məhkəmələrə verilsin. Amma bütün hallarda hesab edirik ki, ənənəsi, tarixi, bu xalqın ədəbi, mədəni həyatında yeri olan yaradıcılıq təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və maliyyələşdirilməsi ilə bağlı məhz “Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında” qanun layihəsi müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır. Biz çalışacağıq ki, payız sessiyası dövründə ən azı komitəmiz səviyyəsində bu sənədi müzakirəyə çıxaraq”.































































































