Türkiyənin Manisa vilayətinin Soma rayonunda özəl kömür mədənində baş verən faciə nəticəsində 200-dən çox insanın ölməsi, nəinki bütün türk-islam, hətta xristian dünyasında da ciddi əsk-səda və məyusluqla qarşılanıb. Bununla bağlı dünyanın demək olar ki, bütün dövlətləri Türkiyə rəhbərliyinə başsağlığı mesajları ünvanlayaraq türk xalqının kədəri ilə ortaq olduqlarını bildiriblər. Dünya dövlətləri arasında iki ölkə - Şimali Kipr Türk Cümhuriyyəti və Pakistan isə baş verən faciə ilə əlaqədar olaraq rəsmi səviyyədə matəm elan ediblər. Maraqlıdır ki, Şimali Kipr Türk Cümhuriyyəti və Pakistandan fərqli olaraq, bütün gözləntilərə rəğmən Azərbaycanda baş verən faciə ilə əlaqədar olaraq rəsmi matəm elan edilmədi. Hansı ki, “bir millət, iki dövlət” prinsipi Soma faciəsinə məhz bu konteksdən yanaşmağı, Azərbaycanda rəsmi səviyyədə matəm elan edilməsini zəruri edirdi.
Mövcud situasiyanı qiymətləndirən əksər siyasilər hesab edir ki, Azərbaycanın indiki məqamda belə bir addım atması onun Türkiyə Cümhuriyyəti ilə əməli baxımdan qardaşlığının təsdiqi ola bilər. Ekspertlərin fikrincə, Azərbaycanın Türkiyəyə dost və qardaş olan bir dövlət kimi Şimali Kipr Türk Cümhuriyyəti və Pakistandan geri qalması arzuedilən deyil və bu baxımdan rəsmi Bakı vaxt itirmədən məlum məsələyə diqqət yetirməlidir.
Moderator.az-a açıqlama verən millət vəkili Zahid Oruc hesab edir ki, Türkiyənin Manisa vilayətində baş verən faciə bütün türk dünyasının ortaq faciəsi kimi dəyərləndirilməlidir. Məhz bu baxımdan millət vəkili prezident İlham Əliyevin dərhal baş verən faciə ilə bağlı türkiyəli həmkarına başsağlığı verdiyinə, türk xalqının kədərinə ortaq olduğuna diqqət çəkdi:
“Bu faciə türk dünyasının ağrısı və dərdi olduğundan dünyanın hər yerindən bununla bağlı çoxsaylı başsağlıqlarının, müxtəlif təzahürlərin şahidiyik. Hər kəs bundan üzüldüyünü ifadə edir və bu kədəri bölüşür. Azərbaycanın dövlət rəhbəri də ilk olaraq bu məsələ ilə bağlı türk dövlət başçısı Abdulla Gülə, o cümlədən Türkiyə baş nazirinə başsağlığı verdi. Eyni zamanda, bunu türk xalqının ortaq dərdi kimi bölüşdüyünü vurğuladı”.
Millət vəkilinin qənaətincə, Türkiyədəki faciə ilə əlaqədar olaraq Azərbaycanda bir günlük də olsa rəsmi şəkildə matəm elan olunması təqdirəlayiqdir və bu, qardaş ölkəyə olan münasibətimizi daha dolğun şəkildə ortaya qoya bilər: “Hesab edirəm ki, bu gün Azərbaycanda elə bir insan tapılmaz ki, bununla əlaqədar olaraq üzülməsin. Lakin qeyd etdiyiniz kimi, bu üzüntünü ifadə etməyin formalarından biri də baş verənləri rəsmi matəm törəni kimi qeyd etməkdir. Ola bilsin ki, bunun reallaşması üçün hökumət səviyyəsində qərar verilməsi gərəklidir. Biz onu da nəzərə almalıyıq ki, həyatın başqa bir tərəfində insanların hansısa təntənəli tədbirləri var, başqa xarakterli törənləri mövcuddur. Türkiyənin özündə bu cür tədbirlər təxirə salınmış oldu ki, bu da çox doğru bir qərardır. Çünki insanların hüzn içində olduğu bir zamanda əyləncə xarakterli hansısa çal-çağır etməsi düzgün olmazdı. Bu baxımdan Azərbaycanda televiziyaların, elektron media vasitələrinin, ictimai həyatın digər sferalarının hətta bir günlük də olsa matəm qaydalarına tabe olması yerinə düşərdi. Hesab edirəm ki, bunu hökumət səviyyəsində gerçəkəşdirmək mümkündür. Yəqin ki, parlamentdə də bununla bağlı sabah (bu gün-red) müəyyən mövqelər olacaq. Bir daha qeyd edirəm ki, bu, hər kəsi ağrıdan, hər kəsi məyus edən bir faciədir və Azərbaycan xalqı olaraq bir daha bununla bağlı duyduğumuz üzntünü dilə gətirirk”.
Seymur Əliyev






























































































