Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca proseslərin Moldovanı da əhatə edəcəyi, artıq bununla bağlı Dnestryanı ərazilərdə Kremlə bağlı qüvvələrin ciddi təxribatlara hazırlaşdığı ilə bağlı xəbərlər yayılmaqdadır. Molova ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi, dövlət yetkililərinin sabitlik və təhlükəsizliyin qorunması ilə bağlı ardıcıl bəyanatlar səsləndirməsi Rusiya təhdidi ilə bağlı xəbərlərin əsassız olmadığını təsdiqləyir.
Moderator.az- açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiyanın Ukrayanada gerçəkləşdirdiyi oxşar təxribatları Moldovaya münasibətdə reallaşdırıb-reallaşdırmanası Moskvanın işğalçı siyasətinə qarşı Qərbin atacağı addımlardan asılı olacaq:
“Hər şey Rusiyanın bu fəaliyyətini nə vaxta qədər davam etdirəcəyindən, daha dəqiq desək, Qərbin Rusiyanı nə zaman durduracağından asılıdır. Əgər durdurmayacaqlarsa, təbii ki, Rusiya işğal prosesini davam etdirəcək. Belə olarsa, proseslər Moldoviya da keçə bilər. İşğal prosesi Ukrayna daxilində də genişlənə bilər. Ikinci amil Rusiyaya, onun iqtisadiyyatına tətbiq edilkəcək sanksiyalardan asılıdır. Beynəlxalq birliyin nə qədər dözümlü yanaşacağı və tətbiq edilən sanksiyaların kəsəri bu məsələdə başlıca rol oynayacaq. Əgər Rusiyaya qarşı güclü, hərtərəfli sanksiyalar tətbiq ediləcəksə, o zaman nəinki Rusiya yeni işğalçılıq addımları ata bilməyəcək, həm də bu mövqeyindən geri çəkilməyə məcbur olacaq. Hələlk Rusiyanı ruhlandıran amil ona qarşı təsirli vasitələrin tətbiq edilməməsidir”.
Seymur Əliyev







































































































