"Xalq Arzusu" Hərəkatı Krımdakı qondarma referenduma və Rusiyanın təcavüzkar siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış edib. Mətni Moderator.az-a daxil olan bəyanatda deyilir:
Martın 16-da Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə həyasızcasına təcavüzdən başqa ad verilməsi mümkün olmayan bir bəşəri cinayət törədildi. Ukraynanın ayrılmaz tərkib hissəsi olan Krımda oyuncaq referendum keçirməklə Rusiya əsl simasını, daha doğrusu, simasızlığını ortaya qoydu.
Əsrlər boyu imperialist və təcavüzkar xislətini ortaya qoyan Rusiya ona qonşu coğrafiyada yaşayan xalqlara qarşı iyrənc siyasət yürüdərək dövlətləri, millətləri onlara qonşu olmasına görə dəfələrlə peşman etdi. Dünya dəyişsə və bəşəriyyət iki qanlı qadalı dünya müharibələrini, onlarla milli-etnik münaqişləri arxada qoyaraq dinc yanaşı yaşamaq prinsiplərinə köklənsə də təcavüzkar Rusiya dünyanın qəbul və istinad etdiyi oyun qaydalarına boyun əymək istəməyərək ərköyün uşaq kimi davranmaqla beynəlxalq birliyin sonu görünməyən başağrısına çevrildi. Sovetlərin çöküşü də onlara dərs olmadı, əksinə MDB məkanında çoxsaylı münaqişə ocaqları yaratmaqla öz mənfur siyasətini daha eybəcər formada davam etdirdi, xalqları, suveren dövlətləri zorən onunla “strateji müttəfiqlik” etməyə təhrik etdi. Sonuncu dəfə 2008-ci ildə onun Gürcüstana soxulmasınadək dünya bu təcavüzlərə səssiz qalsa da anlamağa başladılar ki, Rusiyanı dəyişmək mümkün olmayacaq. Elə ona görə də Ukraynada baş verənlərə görə dünya birliyi dirəniş göstərir və Rusiyanın oyuncaq referendumunun nəticələrini tanımayacağını, əksinə, buna görə onunla öz diliylə danışılacağını bəyan edir. Krım böhranında Rusiyanın tutduğu qeyri-adekvat mövqe bir daha dünya birliyinə göstərdi ki, Azərbaycanın, Moldova və Gürcüstanın ərazi bütövlüyünə təcavüz edilərkən baş verənlərə biganə mövqe sərgilənməsi kobud səhv imiş və Rusiyanı şirnikləndirməyə xidmət edirmiş.
“Xalq Arzusu” Hərəkatı da bu təcavüzü qətiyyətlə pisləyir və qondarma referendumun nəticələrinin qəbuledilməz olduğunu bildirməklə yanaşı Azərbaycanın xarici siyasətinə cavabdeh olan qurumları və şəxsləri yaranmış diplomatik fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini, məhz Rusiyanın işğalçı Ermənistana dəstək verərək 20 faiz torpağımızın zəbt edilməsi faktını dünya birliyində daha ucadan səsləndirməyə çağırır. Dünya birliyi nəhayət işğala məruz qalanla işğalçıya fərq qoymalı, Rusiyanın təcavüzkar siyasətinə qarşı adekvat tədbirlər görməyə tələsməlidir. Əks halda Hitlerdən heç nə ilə fərqlənməyən Putinin günlərin bir günü Avropaya da hərbi müdaxilə edəcəyinə kimsə şübhə etməməlidir.

































































































