Sabiq deputat Gülər Əhmədovanın məhkəməsinə 21 oktyabrda start verildi. İlkin prosesdə sabiq deputat özü barəsində səsləndirilən xeyli ittihama münasibət açıqladı. Vəkili isə onun mərhum Sevinc Babayevanın ölkədən çıxarılmasında hər hansı rolu olmadığını bildirdi. S.Babayeva mövzusunu və onun Türkiyə günlərinin məhkəmə gündəminə daşınacağını nəzərə alıb, “Yeni Müsavat” növbəti dəfə türkiyəli iş adamı Səlcuq Ağlayanla söhbət etdi. Xatırladaq ki, bu şəxs S.Babayevanı Türkiyədə himayə edən və dünyasını dəyişən anda onun yanında olan, bundan sonrakı bütün proseslərdə, istintaq prosedurlarında iştirak etmiş şəxs olub. İstintaq zamanı ondan da ifadələr alıblar və məhkəmədə ifadə verəcəyi gözləniləndir.
Müsahibimiz öncə məhkəmə ilə bağlı ilkin fikirlərini söylədi.
- Məhkəmə ilə bağlı heç bir şey deyə bilmərəm. Çünki bu, Azərbaycanın qanunları, məhkəmə sistemi ilə bağlı olan bir məsələdir. O insanlarla bir yerdə olmadığım üçün onların nə edib etməməsi barədə məlumatım yoxdur. Hər hansı fikir də söyləyə bilmərəm. Azərbaycanın qanunları, konstitusiyası var. Ona görə də inanıram ki, prosesin sonunda haqq-ədalət öz yerini tapacaq. Sizin mətbuatınızı ciddi şəkildə izləyirəm, xüsusən də bu barədə yazılanları. Qənaətim budur ki, əsas suçlu azadlıqdadır. Oturub Fransadan bəyanatlar verir. Başa düşdüyüm qədəri ilə əlində xeyli disklər var - çünki özü bu barədə bəyanatlar verir. Kimlər o disklərin içindədirsə, onlarla alver edir, videoları yaymamaq üçün həmin adamlardan pul alır. Əgər bu işdə Gülər Əhmədovanın da nəsə günahı varsa, hansısa cinayətdə əli olubsa, bunu da araşdırıb üzə çıxarmaq məhkəmənin işidir.
- Sizə ölkə xaricinə çıxmaqla bağlı qoyulan qadağa hələ də qüvvəsindədir?
- Bəli, mən hələ də ölkədən çıxa bilmirəm. Buna görə də burdakı işlərim tamamilə kilidlənmiş vəziyyətdədir. Bir an öncə bu iş də sonuclanar. Sadəcə, mən bunu anlaya bilmirəm: əgər ortada bir günahkar varsa, günahkarlar bəllidir. Elşad Abdullayev xaricdə oturub özü üçün. Mənim haqqımda da çox yersiz ifadələrdən istifadə edib oxuduğuma görə. Sizə müsahibəsində məni nəzərdə tutaraq deyib ki, “gedib qatildən müsahibə alırsız”. Mən öz ölkəmdəyəm, öz ölkəmdə yaşayıram, onun kimi xaricə qaçıb, camaatı da ittiham etmirəm. Əsas qatil onun özüdür. Birini məzara göndərdi, o birini həbsxanaya. Mənim fikrimcə, 2 qadının arxasına sığınacaq qədər zavallı bir adamdır. Əgər özünü adam hesab edirsə, o əlində saxlayıb, camaatı qorxutduğu disklərlə birlikdə gələrdi ölkəyə. Onları da yayımlayardı, kişi kimi məhkəmədə də iştirak edərdi, hər şeyi izləyərdi. Daha xaricdə oturub ona-buna çamur atmazdı. Videolardan və özünün dediyindən belə məlum olur ki, bu adam hamıya pul paylayıb. Niyə Azərbaycan hökuməti, hüquq-mühafizə orqanları onun aldığı pulların mənbəyini araşdırmır? Hardan alıb bu qədər pulu? Hansı yollarla? Gülər Əhmədova bildiyim qədər 3 dəfə millət vəkili seçilib, üçüncüsündən özü imtina edib. İş gedən ərəfədə də ölkəni tərk etməyib, Azərbaycanda qalıb, Elşad Abdullayevdən fərqli olaraq. Hazırda da həbsxanadadır. Amma Elşad Abdullayev həm günahkardır, həm də ölkədə deyil. Azərbaycanın hüquq-mühafizə orqanlarından da ona görə soruşuram: necə olur ki, bir insan ölkə xaricində ola-ola bu qədər insanı mağdur (zərərçəkmiş) vəziyyətinə sala bilir? Amma bununla yanaşı, sizin qanununuz hələ də onun dedikləri ilə hərəkət edir. Hərəni bir tərəfdə həbsə salıb, birinin qorxudan ürəyini partladıb. Təbii ki, heç bu mənzərənin mənə də dəxli yoxdur. Çünki indi daha çox öz vəziyyətimlə maraqlanıram. Sevinc Babayevanın analiz nəticələri bəlli, videogörüntülər, mənim telefon danışıqlarım, mesajlarım, ifadələr ortadadır. Mən ölkəmin torpağındayam, ölkəmin hakiminə də, müstəntiqinə də, məhkəməsinə də güvənirəm. Elşad Abdullayev isə ölkəsində hər şeyi pulla satın aldığı üçün indi o pullarını müxtəlif yollarla geri qaytarmağa çalışır.
- Azərbaycandan gələn istintaq qrupu sizin də ifadənizi alıb, elədirmi?
- Əlbəttə. Mən yenə də Türkiyədəki istintaqçılara verdiyim ifadəni onlara da verdim. Sizin ordan gələn müstəntiqiniz özəl icazə alaraq mənim öz müstəntiqimizə verdiyim ifadə müddətində dindirmədə iştirak edib.
- Demək ki, proses zamanı şahid qismində Bakıya gəlib ifadə verəcəksiz.
- Təbii ki, gələcəm. Bakıya gəlməyi də istəyirəm. Amma mənim ölkə xaricinə çıxma yasağım götürülməyib, əsas məsələ budur. Hazırda ciddi şəkildə zərərçəkmiş durumundayam. Təsəvvür edin ki, mən ölkə xarici ilə çalışan bir adamam. Amma bu işə görə 10-11 aydır ki, xaricə çıxa bilmirəm. Bakıya gəlməyim məsələsi isə bir az fərqlidir. Burdan baxıram ki, bir adam çıxıb ortaya və dövlətin nazirlərini, deputatlarını, iş adamlarını ittiham edir, təhqir yönəldir. Və hökumət bu adamı həbs edə, onun ifadəsini ala, hətta məhkəməyə gətirə bilmirsə, mənim taleyim necə olacaq? Məsələn, mən gələn vaxt Elşad ordan desə ki, qatil Səlcuqdur, məni də orda həbs edəcəklər. Halbuki mən Bakıda hər hansı bir hadisəyə, cinayətə qarışmamışam.
- Yəni Bakıya gəlsəz, həbs olunacağınızdan qorxursuz?
- Mənim Allaha verəcəyim bir candır, heç kimdən də qorxum olmaz. Alnıma nə yazılıbsa, o olacaq, Allaha inanan insanam. Amma düzgün, adam kimi ölməyi arzulamışam hər zaman. Mənim qorxum yoxdur, amma ordakı insanların anladığım qədəri ilə özlərindən qorxuları var. Elşad Abdullayev dövləti alıb əlinə, istədiyi vaxt istədiyi ittihamları yönəldir və pul yığır. Zəng edir insanlara, deyir ki, sənin diskin var əlimizdə, pul verməsən, mən bu videonu yayacam. Gülər Əhmədova ilə Sevinc Babayevanı necə təhdid edirdisə, bu insanları da o cür təhdid edir.
- Səlcuq bəy, bu, çox ciddi ittihamlardır və artıq neçənci dəfədir ki, təkrarlayırsız. Əlinizdə sübutunuz varmı bununla bağlı?
- Mən bunu sezirəm. Sizin mətbuatınızı ciddi izləyirəm və mənzərəni anlamaq üçün kahin-filan olmağa da ehtiyac yoxdur. İnsanları satın alıb, indi də o insanları geri satır. Mənim kimləsə görüşüb, nəsə fikir almaq və o fikirlə hərəkət etməyimə ehtiyac yoxdur. Zatən hər şey ortadadır. Siz də bunu anlarsız. Məni güldürməyin, ay xanım. Bu adam bu qədər ciddi pulları yığıb, necə o sayda adama paylayıb, bunun məntiqi varmı? Türkiyədə belə bir şey olsa, adamı uzun müddət təpədən-dırnağa qədər araşdırarlar. Oxuyuram, filankəsə 100 min verdim, o birinə 500 min verdim, bir başqasına 1 milyon... Nəymiş bu adam? Azərbaycanın sahibimiymiş? Hardan tapıb axı bu qədər pulu?
- Gülər Əhmədova məhkəməsində dedi ki, sərhəddə onu saxlayarkən çamadanlarında disklər axtarıblar. Siz daha öncə də bizə müsahibənizdə evinizdə, iş yerinizdə hansısa disklər axtarıldığını demişdiz. Gülər xanımla sizin evinizdə axtarılan disklərin içində nə var? Ümumiyyətlə, söhbət eyni disklərdən gedir?
- Onu mən biləmmərəm. Onlar sadəcə axtarış aparıblar. Heç mənə də deməyiblər ki, nəyin diskini axtarırlar ümumən. İstintaqın gedişində axtarış aparılması normal bir hadisədir. Professional bir şəkildə əməliyyatın şərtlərini yerinə yetiriblər. Sabah bizim baş nazirlə, sıradan vətəndaşla bağlı da nəsə bir hadisə olsa, eyni cür axtarışlar aparılacaq.
- Bizə daha öncə verdiyiniz müsahibədən, habelə Sevinc Babayevanın son məktubu adlandırılan məktubu redaksiyamıza yollayandan sonra ictimai rəydə sizin Gülər Əhmədovanın xeyrinə addımlar atacağınız gözləndi. Yəni məhkəməyə gəlsəniz, həqiqətənmi sabiq deputatın yanında görəcəyik sizi?
- Birincisi, mən Gülər Əhmədovanı tanımıram. Necə insandır, ölkədə ona münasibət necədir, xəbərim yoxdur. Mətbuatdan izlədiyim qədər deputat olub 3 dəfə. Amma bu qalmaqalı start verən, onun təməlini qoyan insan təəssüf ki, sizin ölkənizdə deyil indi. Özünü professor adlandırır, amma ölkədən çıxıb, ordan camaata hədə-qorxu gəlir. Gülər Əhmədovaya gəlincə, ortada bir zərərçəkmişlik varsa, qanun buna münasibət bildirəcək. Yox, əgər günahı varsa, yenə cəzasını çəkəcək. Amma bu cəzanı bir nəfər çəkməməlidir. Cinayəti yaradan, insanları bu cinayətə təşviq edən şəxs ortaya çıxmalıdır. Ondan sonra bu cinayətə kim qarışıbsa, onlar barədə nəsə addım atıla bilər. Yoxsa ki, indi mən gedim başqa ölkəyə, başlayım ordan camaatı şantaj və ittiham eləməyə, deyim ki, əlimdə də filan-filan disklər var. Elə şey olarmı? Bu, cinayəti sübut edirmi? Belə cinayət qənaəti olar? Sualınıza gəlincə, Gülər Əhmədovanın nə yanındayam, nə də qarşısında. Mənimlə də heç bir əlaqəsi yox. Sadəcə, daha sonradan mətbuatdan tanıdığım bir insandır.
- Sizin də həyatınıza təsirsiz ötüşməyən və ötüşməyəcək bu məhkəmə prosesindən gözləntiləriniz nələrdir?
- Onsuz da mənim günahsızlığım ortadadır. Hər şeydən əvvəl analiz nəticələri ortadadır. Mən sadəcə Sevinc Babayevaya bir insan olaraq kömək etmişəm. Bunun qarşılığında heç bir gözləntim olmayıb. Etdiklərimi də mərhuma halal etmişəm. Sevinc Babayevanı Məryəm Solmaz olaraq tanımışam, nə kimi bir cinayətə qarışmasından xəbərim olmayıb. Olsaydı, bu barədə müvafiq orqanlara xəbər verər, belə bir hadisənin içində olmazdım. Mənim ciddi maddi ziyanlarım var. Onları geri qaytarmaq imkanım yoxdur. İnşallah, demokratik proses olar, obyektiv qərar verilər sonda.







































































































