Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənliyə cəmiyyətin bütün təbəqələrindən dəstək gəlməkdə davam edir. Tanınmış ziyalılar, Milli Şuranın üzvləri olan və olmayan məşhur simalar onu hətta Rüstəm İbrahimbəyovdan da uğurlu seçim hesab edirlər. Milli Şuranın üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov da Cəmil Həsənliyə tam dəstək verən və etimad göstərənlərdəndir:
“Mən də hesab edirəm ki, olduqca düzgün və uğurlu seçim edilib. R.İbrahimbəyovun namizədliyi irəli sürülərkən onu Azərbaycanda tanıyanlar əsasən incəsənət adamları idilər. Doğrudur, bir ay ərzində sosial şəbəkələrdə və mətbuatda aparılan təbliğat öz bəhrəsini vermişdi.Artıq geniş xalq kütlələri onu tanımağa başlayır və müxalifətin vahid namizədi kimi onunla ciddi maraqlanırdılar. Heç təsadüfi deyil ki, hörmətli professor Cəmil Həsənlinin namizədliyi irəli sürülməzdən bir az öncə, hətta Hafiz Hacıyev öz müsahibəsində Milli Şura və onun vahid namizədinin xalqın dilindən düşmədiyini bildirmiş, Rüstəm İbrahimbəyovun sürətlə populyarlaşdığından narahatçılığını ifadə etmişdi. Bununla bağlı hakimiyyət dairələrində hökm sürən çaşqınlıq da bunu sübut edirdi. İlk gündən başlayaraq hakimiyyət və hakimiyyət yönümlü mətbuat gecə-gündüz R.İbrahimbəyova qara yaxmaqdan yorulmurdu. Onun namizədliyinin qeydə alınmasına yaradılan süni maneələr və bəhanələr və sonda qeydə alınmadan imtina olunması da dediklərimizin təsdiqidir.”
N. Səfərov hesab edir ki, indi vəziyyət başqadır: “Cəmil Həsənliyə qarşı aparıla biləcək antitəbliğat arqumentləri və həyata keçirilə biləcək təpkilər müqayisə olunmaz dərəcədə zəifdir. Ölkə elektoratının böyük əksəriyyəti onu tanıyır və yüksək qiymətləndirir. Hakimiyyətin ona qarşı aparacağı “qara piar” kampaniyası da əks effekt verəcək. Rüstəm İbrahimbəyovun təbliğatı istiqamətində atılan addımlar və görülən işlər də, bəhrəsini verib və əhəmiyyətini itirməyib. Bu gün Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini dəstəkləməklə topladığı dividentləri də ona ötürmüş olur.”
Milli Şuranın seçkilərdə qalib gəlməsi şansına gəldikdə isə, tanınmış hüquqşünas hələ heç nəyin itirilmədiyi qənaətindədir: “Tam əminliklə deyə bilərəm ki, rejimin hakimiyyətdən gedəcəyi ehtimalı və müxalifətin ,daha doğrusu xalqın seçkilərdə qalib gəlmək şansı bu gün həmişəkindən qat-qat yüksəkdir. Tarixi faktlar da bunu deməyə əsas verir. Xalq bir sülalənin, bir ailənin monarxiya tipli diktaturasından bezib, cana doyub. Bir insani baxımdan da, daim eyni simaları, eyni sifətləri görməkdən göz də yorulur. Cəmiyyət dəyişikliyə hamilədir. Bu açıq gözlə görünür. Hakimiyyətin daxilindəki ziddiyyətlər son həddə çatıb. Cəmiyyətin bu cür idarə olunması daha mümkün deyil. Xalq hər şeyi görür və başa düşür. Xalqımız qətiyyən layiq olmadığı kölə kimi yaşamaqdan təngə gəlib. Dünya dövlətləri və xalqları bizə baxıb gülür, bizə rişxənd edirlər. Hamıya bəlli xarici faktorlar hesabına hakimiyyətdə qalıb, xalqı nə qədər istismar etmək olar? Bütün bu amillər xalqın və onun istək və arzularını ifadə edən Demokratik Qüvvələrin Milli Şurasının qələbəsini labüd edir.”



































































































