"Azərbaycana gəldiyim ilk günlərdən məni narahat edən bir məsələni Sizinlə bölüşürəm.
Biz niyə bu gündəyik? Nə Vətən bizdən, nə biz Vətəndən razı deyilik. Nə biz Vətənə vətəndaş, nə o, bizə Vətən oldu? Zənnimcə problemin kökü ondadır ki, Biz Vətənə Vətəndaş olmadıq, Vətəndə baş verənlərə fərd olaraq heç vaxt özümüzü cavabdeh saymadıq, həmişə kimlərinsə Vətəndə olan problemlərini həll edəcəyini gözlədik. O vaxta qədər ki, biz, 10 milyonluq bir əhali, ziyalıdan tutmuş, savadsıza, məmurdan sıravi vətəndaşa qədər hər birimiz Vətəndə baş verənlərə özümüzü cavabdeh, məsul saymayacayıq, xilası hansısa ağ atlı oğlanlarda, ayrı-ayrı qurumlarda, təşkilatlarda, ölkələrdə axtaracayıq bu günkü durum davam edəcək.
Amerika tarixində özünəməxsus iz qoymuş ABŞ-ın 35-ci Prezidenti Con F. Kennedinin sözləri bu məqamda yerinə düşür: "Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən?"
Biz Vətənimizi bəsləsək, əzizləsək, onda baş verən haqsızlıqlara, əyriliklərə, mədəniyyətsizliklərə hamılıqla etiraz etsək, Vətənimizi talan edib xaricdə mülk alanlardan hesabat tələb etsək, vəzifəsindən istifadə edib milyardlar toplayanları, çırpışdırdıqlarını gizlətmək əvəzinə az qala gözümüzə soxanları, alimlərdən fərqli olaraq stolumuzun başında oturtmasaq, onların sifətinə "sən oğrusan" desək, saf, dürüst, mədəniyyətli insana "əfəl", oğru, həyasız, vicdansız, acgöz birisinə "bacarıqlı, işgüzar" deməsək, ictimai qınaq, ictimai dəstək cəmiyyətdə hökm sürsə Vətən də bizə sahib duracaq, bizi əzizləyəcək, haqqımızı müdafiə edəcək."
Aslan İsmayılov, tanınmış hüquqşünas





























































































