"Ətrafa nəzər salaraq məndə siyasi ambisiyalar yaranıb..."
Priqojin Ukrayna prezidenti olmaq istəyir...
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi onun anlaqlı olduğuna şübhə edib
Rusiyalı oliqarx Yevgeni Priqojinin Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək planları beyni olan adam üçün qəribə görünür.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib.
"O, orada, ümumiyyətlə, beyni olan insanın nöqteyi-nəzərindən tamamilə qəribə bəyanat verib. O, orada harayasa namizədliyini irəli sürmək istəyir. Yalnız xəstə adam bunu deyə bilər. Ukrayna prezidenti hara, vətəndaşlarımızı qətlə yetirən bu bədheybətlər hara", - Danilov qəzəblənib.
O, vurğulayıb ki, Priqojinin Ukrayna prezidenti postu uğrunda seçki marafonunda iştirakı Ukraynanın sabiq deputatı Viktor Medvedçuk kimi adamların geriyə dönə bilməyəcəyi qədər mümkünsüzdür.
"Bunu ona etməyi heç kim izn verməyəcək", - Danilov bəyan edib.
Priqojin nə deyib-təfsilatları
Martın 11-də "Vaqner qrupu" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin növbəti cəfəng bəyanat verib. O, Ukrayna prezidenti seçkilərində iştirak edəcəyini anons edib.
"Siyasi bəyanat verirəm...Ətrafa nəzər salaraq, məndə siyasi ambisiyalar yaranıb. 2024-cü ildə Ukrayna prezidentinə namizədliyimi irəli sürəcək və bu postda Poroşenko və Zelenski ilə rəqabət aparacağam. Qələbə qazanaramsa, hər şey çox yaxşı olacaq", - Priqojin bəyan edib.
Priqojinin özünü Ukrayna prezidentinə bərabər tuması ilk dəfə deyil. Fevralın əvvəlində oliqarx, guya, qırıcı təyyarənin kabinəsindən videomüraciət yayaraq Zelenskini hava duelinə çağırıb.



































































































