
- A-
- A
- A+
Bu sahələrə ƏDV tətbiq olunmayacaq
"Xarici müştərilərdən gəlir əldə edən rəqəmsal nomadlar Azərbaycanda qanuni yaşaya, xarici müştərilərlə işləməyə davam edə və bu gəlirə görə vergi ödəməyə bilərlər".
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən Texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.
O deyib ki, biznes gəlirindən gəlir vergisi, həmçinin xarici bulud, platforma və API xidmətləri üzrə vergi və ƏDV tətbiq olunmayacaq:
"Texnopark rezidentlərinə 3 ilədək yaşayış icazəsi verilir və viza uzadıla bilər. Bunun üçün müəssisə yaratmağa ehtiyac yoxdur, fiziki şəxs kimi işləmək mümkündür".
Brifinqdə sözügedən şəxslərin Azərbaycanda yaşaması və işləməsi üçün atılması gərəkən beş addım açıqlanıb:
"İlk olaraq Azərbaycana gəlmək lazımdır, belə ki, vizasız rejim olan ölkələrin vətəndaşlarına viza tələb olunmur. Digər ölkələrin vətəndaşları turist vizası ilə gələ bilərlər.
İkinci addım nomad vizası almaqdır. Xaricdən gəliri təsdiq edən sənədlə rəqəmsal nomadlara biznes vizası verilir.
Üçüncü addım vergi qeydiyyatından keçməkdir. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq lazımdır.
Dördüncü addım texnopark rezidenti olmaqdır. Bunun üçün isə qabaqcıl fəaliyyət planı ilə onlayn müraciət etmək lazımdır. Bu istiqamətdə sertifikat 7 iş günü ərzində verilir.
Beşinci addım yaşayış icazəsi almaqdır. Rezident statusu yaşayış icazəsi üçün əsasdır. Bunun üçün rəsmi ailə üzvləri (həyat yoldaşı, 18 yaşadək uşaqlar) da viza ala bilər.
Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də müraciət edə bilərlər. Onların gəliri yalnız xaricdən əldə edilməlidir. Son 6 ayda orta aylıq gəlir ən azı 13 minimum əməkhaqqı olmalıdır.
Bundan əlavə, müraciətdən 4 uyğun sahədən birində ixtisaslaşmaq lazımdır. Fəaliyyət və gəlirlər üzrə rüblük hesabat təqdim edilməlidir. Gəlir bu şərtlərdən aşağı düşərsə, yaşayış icazəsi ləğv edilir".
Qeyd edək ki, sözügedən dörd sahə rəqəmsal texnologiyalar, innovasiya, süni intellekt və kibertəhlükəsizlikdir.
Məlumat üçün bildirək ki, rəqəmsal nomadlar (və ya rəqəmsal köçərilər) coğrafi məkandan asılı olmayaraq, internet və müasir texnologiyaların köməyi ilə uzaqdan (remote) işləyən və eyni zamanda dünyanı səyahət edən insanlardır. (Oxu.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































