İran Dövlət Televiziyasında Azərbaycan türklərinin təhqir edilməsinə qarşı keçirilən etirazlara İranın Şiraz şəhərində yaşayan Qaşqay türkləri də qatılıblar.
Moderator.az xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat Qaşqay türklərinin İranın Şirazdakı dövlət radio-televiziyasının binası qarşısında toplaşaraq, etiraz aksiyası keçirdiklərini bildirib. Bundan başqa aksiya iştirakçıları əllərində yazılı vərəqələr qaldıraraq, türklərin dövlət televiziyasında təhqir olunmasına son qoyulmasını, ölkədə türkdilli məktəblərin açılmasını və etniklərin ana dilinin məktəblərdə tədris olunmasını tanıyan ölkə konstitusiyasının 15-ci bəndinin icra olunmasını tələb ediblər.
Qeyd edək ki, son beş gün ərzində Güney Azərbaycan şəhərləri fars şovinizminə qarşı etiraz aksiyalarına başlayıblar. Aksiyalar zamanı yaxalanan 129 nəfərin kimliyi müəyyən edilib.


































































































