
- A-
- A
- A+
Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA
Vəzifəli şəxslərin qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar fiziki və hüquqi şəxslərdən ianə istəməsi, tələb etməsi və alması məhdudlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün fiziki və hüquqi şəxslərdən ianə qəbul edilə biləcək.
Bunun üçün qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyi və qurum rəhbərinin yazılı razılığı tələb olunur. İanə edilməsi barədə müraciətə 20 iş günü müddətində baxılacaq. Səlahiyyətli struktur bölmə ianənin qurumun səlahiyyətlərinin qərəzsiz və obyektiv icrasına təsir göstərməsini, təsir göstərə bilmə imkanını və ya təsir göstərməsi təəssüratını yoxlayaraq ianənin qəbul edilib-edilməməsi barədə qurumun rəhbərinə yazılı rəy təqdim edəcək.
Qanun layihəsinə görə, qurumun ianə ediləcək fəaliyyət sahələri üzrə işçisi qurumla ianə edən şəxs arasında münasibətlərin qurulması və davam etdirilməsində, o cümlədən ianə ilə bağlı danışıqlarda və müzakirələrdə iştirak etməyəcək.
Bundan başqa, ianə hesabına qurumun işçilərinə məvacib, mükafat, yaxud hər hansı digər formada ödəniş və ya hədiyyə verilə bilməz. İanə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt verilə bilməz, belə təkliflə çıxış edilə və ya belə vəd verilə bilməz.
Layihədə, həmçinin ianə verən şəxsin ianə müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt tələb etməsinə və ya qəbul etməsinə məhdudiyyət nəzərdə tutulur. Vəzifəli şəxslər üçüncü şəxslərin xeyrinə ianə istəyə, tələb edə və ya ala bilməzlər.
Qeyd edək ki, layihəyə əsasən, qurum hər il yanvarın 15-dək əvvəlki il üzrə qəbul edilmiş ianənin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verməli olacaq.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































