Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Hazırda oxunan: Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

632804

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı” təsdiq edilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yeni sənədlə qida məhsullarının istehsalı zamanı istifadə olunan və hazır məhsulda mövcudluğunu saxlayan, allergiya və ya dözümsüzlüyə səbəb ola bilən maddə və qida məhsulları müəyyənləşdirilib.

Siyahı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları və beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanıb.

Təsdiq edilmiş allergenlər siyahısına qlüten tərkibli taxıllar, xərçəngkimilər, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları, qərzəkli meyvələr, kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfidlər, acı paxla, həmçinin molyusklar daxildir.
 

Qanunvericiliyin tələblərinə əsasən, allergenlər mütləq şəkildə qida məhsulunun etiketində aydın şəkildə əks etdirilməlidir. Bu, istehlakçıya məhsul seçimi zamanı onun tərkibini düzgün qiymətləndirməyə və sağlamlığı üçün yarana biləcək risklərdən qorunmağa imkan verir.


Allergenlərin qida məhsulunda mövcudluğu yalnız əsas xammal və ya inqrediyentlərlə bağlı olmaya bilər. Belə maddələr məhsulun hazırlanması zamanı istifadə olunan digər inqrediyentlərdən, eləcə də istehsal prosesində allergenlərlə təmasda olmuş avadanlıq və digər vasitələrdən məhsula keçə bilər. Bu baxımdan qida məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar məhsulların tərkibində allergenlərin mövcudluğunu düzgün müəyyənləşdirməli və bununla bağlı məlumatların etiketdə əks etdirilməsini təmin etməlidirlər.

Tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə həmin tarixədək məhsulların etiketlənməsi, məhsulların tərkibi barədə məlumatların dəqiqliyinin təmin edilməsi və allergenlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirməyi tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO