Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Hazırda oxunan: Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

632703

Xəbər verdiyimiz kimi, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfər edib. “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Səfərin ilk günündən yadda qalanlar

Səfər çərçivəsində liderlərin görüşü, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilib. Bununla yanaşı, dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb.

Daha sonra liderlər Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub. Məlumat üçün bildirək ki, bu layihə Özbəkistan iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. 

Azərbaycan–Özbəkistan münasibətlərinin əsas dayağı: siyasi etimad

Böyük məmnunluqla demək lazımdır ki, Azərbaycan–Özbəkistan münasibətləri son illərdə sadəcə “qardaşlıq əlaqələri” çərçivəsindən çıxaraq strateji müttəfiqliyə, iqtisadi tərəfdaşlığa və Xəzər–Mərkəzi Asiya bağlantısına söykənən çoxşaxəli geosiyasi əməkdaşlığa çevrilib. Xüsusilə 2024-cü ildə imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu əlaqələrin institusional əsasını tamamilə yeni mərhələyə qədəm qoyub.

İki ölkəni birləşdirən əsas amil yalnız ortaq türk mədəni kimliyi deyil. Burada dövlət başçıları səviyyəsində formalaşmış siyasi etimad həlledici rol oynayır.

Azərbaycan Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətləri, qarşılıqlı səfərləri və mütəmadi görüşləri iki ölkənin münasibətlərində yeni səhifə açıb.

Məhz bu təmasların nəticəsi olaraq 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması münasibətlərin institusional idarə olunmasında mühüm addım oldu. 2024-cü ildə isə Şuranın ilk iclasında iki ölkə münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. 2025-ci ildə Bakıda keçirilən ikinci iclasda müttəfiqlik müqaviləsinin 2025–2029-cu illər üzrə “Yol xəritəsi”, sənaye əməkdaşlığı, kənd təsərrüfatı, sosial müdafiə, elm və təhsil daxil olmaqla yeni sənədlər qəbul edildi.

Bu baxımdan İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

İqtisadi və ticarət əlaqələri

Təsadüfi deyil ki, iki ölkə arasında əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən biri iqtisadiyyatdır.
 

2025-ci ildə Azərbaycan–Özbəkistan ticarət dövriyyəsi 795 milyon dollara çatıb və əvvəlki illə müqayisədə üç dəfədən çox artıb. 2026-cı ilin yanvar-may aylarında isə dövriyyə 144 milyon dollar təşkil edib. Özbəkistanın məlumatına görə, 2026-cı ilin əvvəlindən qarşılıqlı ticarət 40 faizdən çox artıb.


Daha mühüm məqam budur ki, tərəflər artıq ticarətin sadəcə artmasını deyil, 2030-cu ilədək 1 milyard dollara çatdırılmasını hədəfləyirlər.

Azərbaycan üçün Özbəkistanın əhəmiyyəti onun 34 milyondan çox əhalisi olan böyük Mərkəzi Asiya bazarı olması ilə yanaşı, Özbəkistanın digər Mərkəzi Asiya ölkələrinə çıxış imkanları ilə də bağlıdır.

Özbəkistan üçün isə Azərbaycan Xəzər üzərindən Avropaya, Türkiyəyə və daha geniş Qərb bazarlarına çıxış verən mühüm tərəfdaşdır.

İnvestisiya əməkdaşlığı

Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birgə təşəbbüsü ilə iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirmək üçün bir neçə il əvvəl Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yaradıldı. İlkin mərhələdə Şirkətin Nizamnamə Fondu 100 milyon dollar idi. Lakin imkanların daha böyük olduğunu nəzərə alan ölkə başçıları Şirkətin investisiya imkanlarını 500 milyon dollara qədər artırdılar.

Artıq bu Şirkət hər iki ölkədə müxtəlif sektorlar üzrə layihələrin maliyyələşdirilməsi üçün əsas platformalardan birinə çevrilib. Özbəkistanda Azərbaycan kapitalı ilə yaradılmış müəssisələrin sayı artıq 280-ə çatıb.

Bu, münasibətlərin “alıcı–satıcı” modelindən birgə istehsal və ortaq kapital modelinə keçdiyini göstərir. Xüsusilə sənaye, tekstil, avtomobilqayırma, elektrotexnika, kənd təsərrüfatı, əczaçılıq, energetika və tikinti sahələrində əməkdaşlıq genişlənir.

Xankəndi və Füzuli nümunəsi

Ölkələrimiz arasında əməkdaşlığın əsas simvollarından biri kimi Xankəndidə Azərbaycan–Özbəkistan birgə tikiş fabrikinin yaradılıb.
 

Müəssisəyə ümumilikdə 11 milyon manat investisiya qoyulması nəzərdə tutulub. Fabrikdə kişi, qadın və uşaq geyimləri istehsal olunur, məhsulların böyük hissəsinin ixracı planlaşdırılır. Zavodda gündəlik istehsalın 2 500 ədəddən 10 min ədədə çatdırılması nəzərdə tutulur.


Bu layihənin əhəmiyyəti yalnız iqtisadi deyil. Özbəkistan Qarabağda Azərbaycanla birlikdə istehsal müəssisəsi yaradan ölkəyə çevrilib.

Azərbaycan–Özbəkistan münasibətlərinin digər ölkələrlə müqayisədə fərqləndirici cəhətlərindən biri Özbəkistanın Qarabağın bərpasında iştirakıdır.

Özbəkistan Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb inşa edib. Bu, olduqca mühüm hadisədir. Çünki Daşkənd bununla Azərbaycana siyasi dəstəyini yalnız bəyanatlarla deyil, Qarabağın yenidən qurulmasına konkret töhfə ilə ifadə edib.

Daha sonra Xankəndidə birgə sənaye layihəsinin yaradılması göstərdi ki, əməkdaşlıq artıq yalnız sosial-humanitar layihə ilə məhdudlaşmır və Qarabağın iqtisadi reinteqrasiyasına da bağlanır.

Nəqliyyat və tranzit münasibətlərin geoiqtisadi sütunu kimi

Azərbaycan–Özbəkistan əməkdaşlığının ən böyük potensiallarından biri nəqliyyat-logistika sahəsindədir.

Coğrafi baxımdan iki ölkə arasında birbaşa quru sərhədinin olmaması belə əlaqələrin inkişafına maneə deyil. Əksinə, bu vəziyyət Xəzər üzərindən Orta Dəhlizin əhəmiyyətini artırır.

Özbəkistan Mərkəzi Asiyanın mərkəzində yerləşir, Azərbaycan isə Xəzərdən sonra Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış imkanı.

Bu, Bakı üçün Mərkəzi Asiyaya, Daşkənd üçün isə Avropaya çıxış imkanlarını genişləndirir. 2026-cı il dövlət səfərinin gündəliyində nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə xüsusi yer tutur.

Bu əməkdaşlığın strateji nəticəsi odur ki, Azərbaycan və Özbəkistan iki ayrı regionun iqtisadiyyatlarını birləşdirən tranzit tərəfdaşlarına çevrilirlər.

Genişlənən enerji əməkdaşlığı

SOCAR və Özbəkistanın neft-qaz strukturları arasında əməkdaşlıq uzun müddətdir davam edir. “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən fəaliyyət göstərir. 2024-cü ildə SOCAR və “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO” da əməkdaşlığın yeni istiqamətlərindəndir. Özbəkistanın Ustyurt regionunda SOCAR ilə neft axtarışı və hasilatı üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilir. Lakin daha böyük strateji perspektiv yaşıl enerjidir.
 

2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi” yaradılıb. Məqsəd Mərkəzi Asiyanın bərpa olunan enerjisinin Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması imkanlarını inkişaf etdirməkdir. Layihənin perspektivində Xəzərin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi də nəzərdə tutulur.


Bu, Azərbaycanın enerji siyasətində mühüm dönüşdür. Azərbaycan artıq yalnız neft-qaz ixracatçısı kimi çıxış etmir, eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi

Özbəkistanın pambıqçılıq, tekstil və kənd təsərrüfatı təcrübəsi Azərbaycan üçün maraq kəsb edir. Azərbaycanın isə kənd təsərrüfatı, suvarma, aqroparklar, logistika və ixrac imkanları Özbəkistan üçün faydalıdır.

2025-ci ildə kənd təsərrüfatı və ərzaq təminatı üzrə 2025–2027-ci illəri əhatə edən əməkdaşlıq “Yol xəritəsi”nin qəbul edilməsi bu istiqamətin artıq sistemli xarakter aldığını göstərir. Xankəndidəki müəssisədə gələcəkdə yerli pambıq əsasında parça istehsalının yaradılması planı da iki ölkənin kənd təsərrüfatı ilə sənayeni birləşdirmək imkanının göstəricisidir.

Humanitar, mədəni və təhsil əlaqələri

İki ölkəni birləşdirən ən güclü amillərdən biri ortaq türk dili, tarix, ədəbiyyat, musiqi və mənəvi dəyərlərdir. 2024-cü ildə təhsil, elm, məktəbəqədər və peşə təhsili üzrə bir sıra protokollar, 2024–2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq “Yol xəritəsi” və turizm üzrə fəaliyyət planı imzalanıb.

Bu sahənin strateji əhəmiyyəti ondadır ki, siyasi münasibətlərin davamlılığı yalnız dövlət başçılarının şəxsi münasibətlərindən asılı qalmır; universitetlər, tələbələr, alimlər, mədəniyyət xadimləri və biznes dairələri arasında əlaqələr formalaşır.

Turizm də qarşılıqlı əlaqələrin inkişaf edən sahələrindəndir.

Bakı və Daşkənd kimi tarixi şəhərlər, Şəki, Qəbələ, Şuşa və Səmərqənd, Buxara kimi mədəniyyət mərkəzləri qarşılıqlı turist axını üçün böyük potensiala malikdir.

2024–2026-cı illər üzrə turizm fəaliyyət planının qəbul edilməsi bu sahədə əməkdaşlığın sistemləşdirilməsi məqsədini daşıyır.
 

Burada əsas məsələ turist sayını artırmaqla yanaşı birgə turizm məhsullarının yaradılmasıdır. Məsələn, “Bakı–Daşkənd–Səmərqənd” və ya “Qafqaz–Mərkəzi Asiya” kimi marşrutların gələcəkdə regional turizm önəmli istiqamətlərinə çevrilmək potensialı yüksəkdir.


İki ölkənin əməkdaşlığında daha çox diqqət tələb edən sahələrdən biri məhz insan kapitalıdır. Sənaye, energetika, nəqliyyat və rəqəmsal iqtisadiyyat layihələri artdıqca onların idarə edilməsi üçün mütəxəssislərə ehtiyac da artacaq.

2025-ci ildə elm, peşə və ali təhsil üzrə hökumətlərarası sazişin imzalanması bu istiqamətin genişləndirilməsi üçün hüquqi baza yaradıb. Növbəti mərhələdə universitetlər arasında ikili diplom proqramlarının, birgə tədqiqat mərkəzlərinin və mühəndislik proqramlarının artırılması xüsusilə faydalı ola bilər.

Müdafiə və təhlükəsizlik

Azərbaycan və Özbəkistanın təhlükəsizlik maraqları da bir sıra məsələlərdə üst-üstə düşür. 2024-cü ildə Milli Qvardiya ilə Azərbaycanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq sənədi, həmçinin hüquq-mühafizə və kriminalistika sahələrində protokollar imzalanıb.

Göründüyü kimi Azərbaycanla Özbəkistan arasında bütün sahələr üzrə güclü əlaqələr var. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan münasibətləri çox möhkəm təməl üzərində qurulub. Əminliklə qeyd edə bilərik ki, İlham Əliyevin Özbəkistana səfərindən sonra iki ölkə arasında münasibətlər daha yüksək, dinamik inkişaf mərhələsinə qədəm qoyacaq.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO