Dəmiryolu vağzalının ətrafında nəqliyyat vasitələrinin xaosu yaranıb.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, görüntülər Abşeronun Xırdalan şəhərindəndir. Sakinlər çıxış yolu istəyirlər.
Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrini küçənin hər iki tərəfində, bəzi hallarda isə yolun hərəkət hissəsində saxlayırlar. Nəticədə də küçədə hərəkət zolağı daralır, piyadaların və digər avtomobillərin hərəkəti ciddi şəkildə məhdudlaşır.
Onlar qeyd edir ki, xüsusilə səhər və axşam saatlarında küçədə hərəkət tamamilə iflic olur, evlərinə gedib-gəlmək belə çətinləşir. Yaranmış vəziyyətlə bağlı AYNA-dan “XəzərXəbər”ə bildirildi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Xırdalan dəmiryolu stansiyası yaxınlığında müxtəlif səviyyəli yol ötürücüsü inşa ediləcək.
Bu da Xırdalan şəhərindən Bakı-Şamaxı yoluna birbaşa çıxışı təmin edəcək. Stansiyanın qarşısında Nəqliyyat Mübadilə Mərkəzi də yaradılacaq. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.
Bizim.Media





































































































