Baş Prokurorluq "UĞUR-777" estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama yayıb.
Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, "UĞUR-777" estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb.
Bildirilib ki, qeyd olunan faktlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb.
İbtidai istintaq zamanı toplanmış mötəbər sübutlar əsasında Xəyalə İsmayılovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, Müşfiq Bağırovun 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, Rəna Quliyevanın isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilib.
Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.
Sözügedən cinayət işi üzrə Gülbadə Abdullayeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə "Konstitusiyaya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar xitam verilib.
Habelə, aparılmış istintaqla onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.
Bununla yanaşı, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, habelə dövlət büdcəsinə ödənilməli olan 5 yüz manat məbləğin tam həcmdə ödətdirilməsi təmin olunub.
Eyni zamanda, G.Abdullayeva barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunub.
Baş Prokurorluq bir daha bildirir ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.
Bizim.Media






































































































