Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında III ixtisas qrupu üzrə 400 bal toplayaraq maksimal nəticə göstərən üç abituriyentdən biri də Abşeron rayonu Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbin məzunu Orxan Zaur oğlu Mənsimlidir.
Bizim.Media-nın məlumatına görə, yüksək bal toplayan abituriyent AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırlıq prosesində əsas diqqəti davamlı və planlı çalışmağa yönəldib:
“Dərslərimə ayırdığım vaxt gündəlik proqramdan asılı olaraq dəyişirdi. Ancaq bir qaydanı heç vaxt pozmurdum – hər gün mütəmadi olaraq sabahkı dərslərimi hazırlayırdım. Hesab edirəm ki, uğurun açarı son anda çox çalışmaq deyil, hər gün nizamlı şəkildə irəliləməkdir”.
Müsahibimizin sözlərinə görə, hazırlıq müddətində onu ən çox motivasiya edən gələcəklə bağlı arzuları olub:
“Bəzən elə anlar olurdu ki, yorulur, həvəsdən düşürdüm. Belə məqamlarda isə öz xəyallarımı xatırlayırdım. Arzularımı yada saldıqca yenidən motivasiya tapır və dərslərimə davam edirdim. Fikrimcə, insanın qarşısında aydın bir məqsədinin olması çox vacibdir”.
Gələcək planlarından bəhs edən Orxan Mənsimli Hüquq fakültəsində təhsil almaq istədiyini bildirib. O, universitet seçimi ilə bağlı hələ yekun qərar verməsə də, uşaqlıqdan hüquqşünas olmağı arzuladığını və bu səbəbdən III ixtisas qrupunu seçdiyini vurğulayıb.
Abituriyent əlavə edib ki, hazırlıq prosesində onun üçün nisbətən daha çox vaxt tələb edən fənn ədəbiyyat olub:
“Bu səbəbdən həmin fənnə daha çox vaxt ayırır və üzərində daha çox işləyirdim. Düşünürəm ki, hər bir abituriyent öz zəif tərəflərini düzgün müəyyənləşdirib onların üzərində işləməlidir”.
Qeyd edək ki, Orxan Mənsimli buraxılış imtahanında 276,1 bal toplayıb. Abituriyent hər iki mərhələnin nəticələrinin cəminə əsasən 676,1 bal toplayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:47 / 18.07.2026
İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”
Hazırda oxunan: İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”
Hazırda oxunan: İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”
626060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































