Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əks olunub.
Dəyişikliyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcəklər.
Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaqlar.
Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.
Sənədə əsasən, kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək məbləğdə cərimə olunurlar.
Kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media



































































































