Yağış insan psixologiyasına necə təsir edir? - Mütəxəssis izah edir

Yağış insan psixologiyasına necə təsir edir? - Mütəxəssis izah edir

Hazırda oxunan: Yağış insan psixologiyasına necə təsir edir? - Mütəxəssis izah edir

607027

Yağışın insan psixologiyasına təsiri düşündüyümüzdən daha dərin və çoxqatlıdır. Bu mövzu həm bioloji, həm emosional, həm də psixoloji səviyyədə izah olunur.

Bizim.Media-nın məlumatına görə, AZƏRTAC-a açıqlamasında psixoloq Rəna Baxışova bildirib ki, yağışlı havada günəş işığının azalması birbaşa beyinə təsir edir.

Nəticədə xoşbəxtlik hormonu sayılan serotonin azalır, bu da enerji səviyyəsinin düşməsinə səbəb olur. Eyni zamanda, yuxu hormonu olan melatonin artır və insanda yuxululuq yaranır.

Hava təzyiqinin dəyişməsi isə bəzi insanlarda halsızlıq və baş ağrısı kimi fiziki narahatlıqlar doğura bilər. Bütün bunlar yağışlı havada passivlik, motivasiyanın azalması və heç nə etməmək kimi hallar yaradır.

Psixoloqun sözlərinə görə, bu, orqanizmin hava şəraitinə uyğunlaşmasının normal reaksiyasıdır.

R.Baxışova qeyd edib ki, yağış sinir sisteminə də təsirsiz ötüşmür. Yağış səsi təkrarlanan və yumşaq ritmə malik olduğundan beyində təhlükəsizlik hissi yaradır. Bəzi insanlar stres zamanı və ya yuxuya getməzdən əvvəl məhz bu səsə qulaq asaraq rahatlaşırlar.

Bu zaman stres hormonları azalır, ürək döyüntüsü azalır və bədən rahatlama rejiminə keçir. Psixologiyada bu hal “parasempatik aktivləşmə” adlanır. Nəticədə insanın yuxuya getməsi asanlaşır, ümumi sakitlik və düşüncəlilik artır.

Psixoloq vurğulayıb ki, yağışın emosional təsiri də kifayət qədər güclüdür:

“Belə havalarda sosial aktivlik və xarici stimullar azalır, insan daha çox öz daxili dünyasına yönəlir. Bu isə nostalji hisslərin güclənməsi, keçmişin xatırlanması, emosional həssaslıq və dərin düşüncələrlə müşayiət olunur. Maraqlıdır ki, bir çox insanlar mühüm həyat qərarlarını məhz bu cür sakit, yağışlı günlərdə götür-qoy edirlər. Bununla belə, yağış hər kəs üçün eyni təsirə malik deyil.

Bəzi insanlarda əksinə, kədər artır, tənhalıq hissi güclənir və motivasiya azalır. Bu hallar çox vaxt fərdi xarakter xüsusiyyətləri və mövsümi depressiya ilə əlaqəli olur. Günəş işığına daha həssas olan insanlar üçün qapalı və boz hava emosional çətinlik yarada bilər.

Ümumilikdə psixoloji və mədəni baxımdan yağış çox vaxt təmizlənmə, yenilənmə və emosional boşalma simvolu kimi qəbul edilir. Buna görə də insanlar yağışlı havada emosiyalarını daha açıq yaşayır, bəzən ağlamağa və tək qalmağa daha meyilli olurlar. Lakin yağışın insanlarda fərqli hisslər yaratmasının səbəblərindən biri də uşaqlıq təcrübələri və fərdi xatirələrlə bağlıdır”.

Psixoloq bu məqama misal olaraq keçmiş məcburi köçkün bir şəxsin sözlərini xatırladıb:

Həmin şəxs yağış səsini eşidərkən uşaqlıqda çadırda yaşadıqları çətin günləri xatırladığını bildirib. Yağışın səsi onun üçün xoş deyil, əksinə, travmatik xatirələri canlandırır.

R.Baxışovanın sözlərinə görə, yağışın təsiri insanın şəxsiyyət tipindən (introvert və ya ekstrovert), psixoloji vəziyyətindən və həyatının hansı mərhələsində olmasından asılı olaraq dəyişir. Məsələn, ayrılıq dövründə yağış daha ağır hiss oluna bilər.

“Ümumilikdə yağışın təsiri obyektiv deyil, subyektiv təcrübədir. Yağış insanı dəyişmir, sadəcə onun daxilində olan hissləri daha aydın şəkildə üzə çıxarır”, - deyə psixoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO