Ramiz Mehdiyevə qarşı ETİRAZ edən ELM ADAMLARI – “Tutduğu vəzifəni tərk etməlidir”

Hazırda oxunan: Ramiz Mehdiyevə qarşı ETİRAZ edən ELM ADAMLARI – “Tutduğu vəzifəni tərk etməlidir”

58331

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər strukturunda baş verən son qalmaqallar ölkə gündəmini zəbt edib. Elm ocağına rəhbərlik edən Ramiz Mehdiyevə qarşı artıq daxildən də etirazlar başlayıb. Uğursuz “islahatları” və qanunsuz təyinatları ilə ittiham olunan AMEA prezidentinin kütləvi surətdə istefası istənilir. 

Maraqlısı isə odur ki, Ramiz Mehdiyevi istefaya çağıranlar uzun illər ömrünü və fəaliyyətini AMEA-ya həsr edən alimlərdir. Akademiya üzvlərinin iddialarına görə AMEA prezidentinin yalnış idarəetməsi elmi məhv edir, milləti uçuruma aparır.


İlk cəsarət 20 yanvar günü AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovdan gəldi. Professor Ramiz Mehdiyevin elm ocağında qeyri-sağlam mühit və intriqalar yaratmasına etiraz əlaməti olaraq istefa ərizəsi yazdı. O, müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyinin onu narahat etdiyini qeyd edərək AMEA-nı tərk etmək istəyində olduğunu bildirdi:
 

“AMEA –nın prezidenti intellektual səviyyəli dialoqla deyil, məişət səviyyəli intriqalarla məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.


AMEA prezidentinin Tarix İnstitutunun rəhbəri kimi haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm”, - deyən Kərim Şükürov səhəri addımını elm ocağına atmır. 

Bir gün sonra AMEA-nın Rəyasət Heyətinin təcili toplantısı işə düşür və Kərim Şükürov işinə qaytarılır.
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu


Bərpa olunan fəaliyyətindən iki həftə keçməmiş tarix elmləri doktoru yenidən şikayətlənir və bu dəfə özünü deyil Ramiz Mehdiyevi istefaya çağırır:

“Ramiz Mehdiyev AMEA-da şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı. AMEA-nı elə bir ümidsiz vəziyyətə gətirib ki, gənclər arasında elmə maraq azalıb, doktorantura və dissertanturaya müəyyən edilmiş yerlərin əksəriyyəti boş qalır. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.

Bu çağırışdan bir gün sonra elm ocağının digər elmliləri də etiraz etməyə başlayır... 


Bu dəfə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı dilə gəlir:

“Cənab Prezident İlham Əliyevin başlatdığı islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalıdır. Bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə ümumi yığıncağa toplaşmalı və Ramiz müəllimi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır…”, - deyə professor Ramiz Mehdiyevdən istefa jesti gözləyir. 


Ardınca isə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, Tarix elmləri doktoru, professor Nəcəf Müseyiblidən etirazlı açıqlama yayılır.  

O,  da həmkarlarına dəstək verərək Akademiyanın Ramiz Mehdiyev ucbatından ən kriminal, intriqalarla dolu bir məkana çevrildiyini xatırladaraq AMEA rəhbərini birbaşa istefaya çağırır:

“Ramiz Mehdiyevin Azərbaycan elmini bərbad hala salması barədə faktları yalnız bir yazıda yerləşdirmək mümkün deyil. Onun AMEA-ya rəhbərlik etdiyi müddətdə yalnız şəxsi maraqlarını güdməsi, səriştəsizliyi və yarıtmaz fəaliyyəti göz qarşısındadır. Buna görə də 30 ildən artıq AMEA-da çalışan bir elm adamı kimi mən də professor Kərim Şükürov və digər ziyalılarımızın çağırışlarına qoşularaq hesab edirəm ki, Azərbaycan elminin xilası naminə R.Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verməlidir”.

Ən nəhayət ...


10 aydan çoxdur məhkəmə qalmaqalı ilə üz-üzə qalan AMEA-nın işlər idarəsinin sabiq müdiri Elton Məmmədovun Ramiz Mehdiyevlə çəkişməsi bu gün də davam edir. Elm ocağındakı gərginliyi və haqsız mühiti dilə gətirdiyi üçün AMEA prezidentinin təzyiqi ilə işindən kənarlaşdırılan Elton Məmmədov sonadək haqqını tələb edəcəyində israrlıdır.


Ramiz Mehdiyevin ölkə rəhbərinin siyasətinə zidd addımlar atdığını iddia edən Elton Məmmədov fevralın 15-də AMEA Rəyasət Heyəti ilə baş tutacaq olan məhkəmədə qalib gələcəyinə və elm ocağını Ramiz Mehdiyevdən xilas edəcəyinə əmin olduğunu dəfələrlə qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO