Moderator.az-a tikinti biznesində fəaliyyət göstərən və bir sıra xarici ölkələrdən, əsasən də İran və Türkiyədən inşaat materialları gətirən bir qrup sahibkar tərəfindən sensasion məlumat daxil olub.
Məlumatda bildirilir ki, MSK seçkilərə rəsmi start verən gündən etibarən ölkənin bütün sərhəd - keçid məntəqələrindəki Gömrük postları da “seçki hazırlıqları”na start verib. Belə ki, ölkəyə gətirilən santexnika avadanlıqları və kafel-metlaxın qiymətlərində, daha doğrusu gömrük rüsumlarında 20-40 faizlik artım müşahidə olunur. Bu gözlənilməz “şapka”nın hansı səbəbdən alındığını soruşan sahibkarlara cavab verən gömrük rəsmiləri bunu seçkilərlə əlaqələndiriblər və bildiriblər ki, bu, yuxarının sifarişidir.
Moderator.az məsələ ilə bağlı Dövlət Gömrük komitəsi ilə əlaqə saxlayıb. Dövlət Komitəsindən əməkdaşımıza bildirilib ki, bu suala cavab vermək səlahiyyətlərinə malik olan şəxs hazırda məzuniyyətdədir.
Komitənin bu açıqlaması isə bir daha onu göstərir ki, nazirlik suala cavab verməkdən yayınır.
Xəyal Əzizov



































































































