Ukrayna Silahlı Qüvvələrinin Krımdakı enerji infrastrukturuna endirdiyi sistematik zərbələr nəticəsində yarımadada kritik vəziyyət yaranıb.
Bizim.Media xəbər verir ki, Rusiya hakimiyyəti elektrik yarımstansiyalarına edilən hücumlar nəticəsində təxminən 1,4 milyon abonentə elektrik enerjisinin verilmədiyini bildirib.
Yerli sakinlər Krımın tamamilə işıqsız qaldığını, yarımadanın şimalında isə elektrik enerjisinin bir həftədən çoxdur olmadığını qeyd edirlər.
Özünü "Krım Respublikasının başçısı" adlandıran Sergey Aksenov yanacaqdoldurma məntəqələrində benzin satışının və elektrik enerjisi təchizatının normal rejimə qayıtmasının qeyri-mümkün olduğunu bəyan edib.
Aksenov bəzi yaşayış məntəqələrində işığın 12 gündən çoxdur olmadığını etiraf edib.
Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə Krımı Rusiyanın cənubu ilə birləşdirən quru dəhlizini kəsməsindən sonra yarımadada benzin satışı dayandırılıb.
Ukrayna qüvvələri tankerlərə zərbələr endirməklə dəniz nəqliyyatını faktiki olaraq bloklayıb.
Bu əməliyyatların əsas məqsədi Rusiya qoşunlarının təchizatını pozmaq, Krımı rusiyalılar üçün yararsız hala salmaq və onları evakuasiyaya məcbur etməkdir.
İyulun 1-dən 8-dək Ukrayna Krımdakı 50-dən çox enerji obyektinə zərbə endirib.
Armyansk, Krasnoperekopsk və Cankoy rayonunun kəndlərində yaşayan sakinlər həm elektrik, həm də su qıtlığından əziyyət çəkirlər; vəziyyət humanitar fəlakətə yaxın kimi qiymətləndirilir.
Yaltada şəhər "sərt qənaət rejimi"nə keçib: liftlər dayandırılıb, küçə işıqlandırılması azaldılıb, reklam konstruksiyaları və fasad işıqları söndürülüb.
Sevastopolda elektrik kəsilməsi ictimai nəqliyyatın (trolleybusların) işini iflic edib.
Rəsmi dairələr əhali arasında yayılan evakuasiya şayiələrini təkzib edərək, bunu Ukrayna kəşfiyyatının fəaliyyəti ilə əlaqələndirir.
Bizim.Media
































































































