Rəsmi qurumlar AXCP sədri Əli Kərimliyə qarşı hazırlanan yeni
təxribat barədə susur. Xatırladaq ki, Əli Kərimlinin “Azadlıq”a bildirdiyinə
görə, avqustun 9-da naməlum şəxslər onu mənzilinə daxil olub: “Bir neçə gün
bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs
tərəfindən açılmasının əlamətlərini gördük.
Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu
barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız
zaman mənzilimdə nə etdiklərini bilmirəm. Amma əminəm ki, bu adamlar xüsusi
xidmət orqanları ilə bağlı olub və baş verənlər mənim siyasi fəaliyyətimlə
bağlıdır”.
AXCP sədrinin bu açıqlamasına rəsmi qurumlar tərəfindən hələki heç
bir reaksiya verilməyib. Nədənsə susmağa üstünlük verilir. Əslində bu sükutun
səbəbi ayrıdır. Əli Kərimli ilə düşmənçilik aparan Azərbaycan hakimiyyəti
növbəti dəfə ifşa olunub. Bu baxımdan da susmağa üstünlük verilib. Çünki
deyilənləri təkzib etmək hakimiyyəti daha pis vəziyyətə sala bilər.
Bəs çağırılmamış qonaqlar hansı səbəbdən Əli Kərimlinin mənzilinə
daxil olublar? Ilk ağla gələn odur ki, məqsəd AXCP sədrini nəzarətdə
saxlamaq üçün mənzilə xüsusi qurğular yerləşdirmək olub. Lakin başqa versiyalar
da var. Təhlükəsizlik ekspertləri hesab edir ki, yalnız mənzilə xüsusi qurğular
yerləşdirilməsinə fokuslaşmaq doğru deyil. Mümkündür ki, hakimiyyət Əli
Kərimliyə sui-qəsd planı hazırlayıb. “Mənzilə insan həyatı üçün təhlükəli olan
xüsusi zəhərli maddələr qoyula bilər. Daha doğrusu, həmin maddələri mənzildəki
əşyalara sürtə bilərlər. Bu cür maddələr var və praktikada insanların bu üsulla
aradan götürülməsinə çox rast gəlinib”, - deyə ekspertlər bildirir.
Yeri gəlmişkən, Əli Kərimliyə sui-qəsd planı əvvəllər də olub. Bir
neçə il əvvəl AXCP sədrini zəhərləmək üçün onun qida rasionunu araşdırmışdılar.
Bu araşdırma ailəsinin daimi ərzaq aldığı mağazada aparılmışdı. Əli Kərimli
məsələdən xəbər tutub baş verənləri ictimailəşdirdiyinə görə, plan təxirə
salınmışdı.



































































































