Rüstəm Behrudinin Bakı haqqında yazdığı məqalənin ardından şairin bakılılardan üzr istəməsi deyəsən yetərli olmadı. Dünən axşam ANS-in “Xəbərçi” proqramında bəstəkar Eldar Mansurovun şairi qınaması və kinorejissor Vasif Babayevsə hətta təhqirə keçərək “Rüstəm Behrudi qələt eləyib” kimi fikirlərinin 9 milyonluq auditoriyaya yayımlanması ondan xəbər verir ki, telekanal rəhbərliyi də bu qalmaqalın səngiməsində yox, daha da qızışmasında maraqlıdır.
Elə Rüstəm Behrudi də bizimlə eyni fikirdədir. “Xəbərçi”dən dəhal sonra Moderator.az saytı ünlü şairi arayıb və ANS-in efirindən təhqir olunmasına münasibət öyrənmək istəyib. Şair ANS rəhbərliyini qınayıb ki, hətta mən Bakını və bakılıları təhqir etmiş olsaydım belə, telekanal bu cü qızışdırıcı mövqe sərgiləməməliydi: “Ancaq başa düşənlər bilir ki, mən heç zaman Bakını və bakılıları təhqir etməmişəm və belə bir şey ağlımın ucundan da keçməyib. Ancaq fikirlərimin düzgün anlaşılmamasından belə əndişələnməmişəm və heç tərəddüd etmədən qəlblərinə dəydiyim bakılılardan üzr də istəmişəm. Bundan sonra məsələni yenidən gündəmə daşımağa cəhdi qınamamaq mümkün deyil və mən sabah hökmən ANS rəhbərliyiylə danışıb məsələni araşdırmalı olacam. Onlar gərək belə etməyəydilər.”
Vasif Babayev tərəfindən təhqir olunmasına gəldikdə isə R.Behrudi dillər əzbəri olan “Atalar sözü”nü xatırlatdı və hər ağzına gələni danışanla deyişməyə çıxmaq niyyətində olmadığını söylədi: “Hər kəs Rüstəm Behrudinin kim olduğunu və hansı əqidəyə, dinə-məzhəbə qulluq etdiyini bilir. Nə deyirlər desinlər. Ağızları şirin olsun.”
Qeyd edək ki, şairdən açıqlamanı gecə saatlarında aldığımızdan onu sayta bu gün yerləşdirmişik.







































































































