Mən hər zaman mübariz insanları sevib, onlarla qürur duymuşam, cəsarətləri ilə fəxr etmişəm. Eyni zamanda, xəstə insanların yaşamaq eşqini, həvəsini və mübarizəsini hər şeydən üstün tuturam. Belə insanların həyata bağlılığını, yaşamaq üçün mücadilə apardığını görəndə çox sevinirəm. Neçə gün əvvəl qəribə bir hadisənin şahidi oldum. Əlbəttə, əvvəlcə bir az kövrəldim. Amma eşitdiyim tutarlı bir cavabdan sonra ürəyim sanki rahatlaşdı. Alış-veriş üçün evimizin yanındaki marketə düşmüşdüm. Düzü, market böyük olduğundan malların çeşidləri də çox idi və seçimdə bir qədər çətinlik çəkirdim. Ona görə dükanda yubanmalı oldum. Bu zaman marketə cavan bir oğlan daxil oldu. O, nədənsə, diqqətimi çəkdi, özümdən asılı olmayaraq ona nəzər yetirməyə başladım. Sanki onda bir qeyri-adilik, başqalarına bənzəməyən bir hal vardı. O, kontur almaq üçün kassaya yaxınlaşdı. Kassada dayanan və digər müştərilər həmin oğlana lağ etməyə başladılar. Özü də dayanmadan elə hey gülürdülər. Oğlan xəstə idi. Yəni albinos idi. Saçı, kiprikləri, qaşları, dərisi ağappaq idi. Belə insanları çox görmüşdüm, sonra gəlib evdə anamdan onların niyə elə olduqlarını soruşanda, o, mənə dəqiq anladırdı. Anam həkim olduğundan ondan tez-tez xəstəliklər haqqında soruşurdum. Sadəcə, maraq üçün. Bu oğlan da həmin xəstələrdən idi. O xəstəliyə albinizm deyilir. Oğlan utandığından bilmirdi nə etsin. Mən kənardan dayanıb müşahidə edirdim. Hiss edirdim ki, oğlan artıq bacarmır, tab gətirə bilmirdi, sanki bu dəqiqə o ki var ya ağlaycaq, ya da satıcılarla əlbəyaxa olacaqdı. Lakin görünüşündən çox sakit oğlana oxşayırdı. Deyəsən, mən yanılmışdım, bu oğlan olanlara çox sakit reaksiya verdi. Bu zaman satıcının biri ona dedi: “Ay gədə, sən axı cavan uşaqsan, ə, bu nədi saçın ağ, kirpiyin ağ, dərinin rəngi ağ, qaşın ağ. Yoxsa, maskarada gedirsən, yaxud sirkdə işləyirsən? Ə, get, bir saçını, qaşını, kirpriyini rənglə. Bu nədi? Adamın lap gülməyi gəlir sənə baxanda. Sən canın özünü güldürmə. Lap meyitə oxşayır rəngin”. Digər satıcı əlavə etdi: “Yəqin bu, Antarktidadan gəlib, ona görə qar kimi ağdır. Bəlkə də Şaxta Babanın nəvəsidir, öz aramızdı, yaman ona oxşayır”. Bir-iki müştəri də başladılar ucadan gülməyə. Biri dedi: “Ay kişi, sənə hansı normal qız yaxınlaşar, səninlə ailə qurar, sənki bütün ağappaqsan, elə bil ya ölü, ya qar adamısan”. Oğlan bu təhqirləri, iradları dinlədi, onlara yaxşı cavab verdi: “Bayaqdan sizin təhqir, iradlarınıza səbrlə dözürəm. Siz mənimlə məzələnib, lağ edirsiz. Niyə belə qəddarsız axı?! Mən sizə nə etmişəm, sadəcə, gəlmişəm kontur almağa. Siz isə məni müzakirəyə qoymusunuz. Nə işiniz var mənimlə? Bəli, mən sizin kimi normal insan kimi deyiləm. Mən xəstə adamam. Nə olsun ki, xəstəyəm? Məgər xəstə ilə məzələnib, ona lağ edərlər? Xəstəyə də heç güllərlər? Mən nə Şaxta Babanın nəvəsiyəm, nə də qar adamam. Antarktidadan da gəlməmişəm. Heç özümü də rəngləməmişəm. Mən – albinosam». Satıcının biri gülə-gülə ondan soruşdu: “Yaxşı görək, albinos nədi? Bu da yeni bir addır, özünə qoyubsan?” Oğlan dedi: “Xeyr, mən həqiqətən də xəstəyəm. Mən albinizm xəstəsiyəm. Saçı və dərisi ağ olan xəstələrə albinos deyirlər. Siz nə biləsiniz bu xəstəlik haqqında. Allah heç birinizə bu xəstəlikdən göstərməsin. Bilmirsiniz mən necə əziyyət çəkirəm. Hər dəfə küçəyə çıxanda, insanlar mənə gülüb, arxamca danışanda, məni barmaqla göstərəndə necə pis hiss edirəm özümü. Mənə heç kim kömək etmir. İçimdə bilmirsiz nələr çəkirəm. Küçədə gedərkən başımı aşağı salıb tez-tez addımlayıram ki, insanların gülüş və qəribə baxışlarına tuş gəlməyim. Yaxud da, başıma papaq qoyuram. Hər dəfə özümü ittiham edirəm, özümə yer tapa bilmirəm. Amma nə etmək olar, mən artıq belə doğulmuşam. Mən hamı kimi deyiləm. Məni də Allah belə yaradıb. Lakin bu xəstəlikdən çox utanıram. Hətta özümdən hərdən iyrənirəm. Özümə hərdən nifrət edirəm. Amma heç vaxt yıxılmayıb, həyatdan əllərimi üzməmişəm. Əlbəttə, mənim kimilər çoxdur. Bəziləri isə həqiqətən insanlardan kənar gəzir. Mən şəxsən özümü cəmiyyətdən kənarlaşdırılmış bir insan kimi hiss edirəm. Mən bilirəm ki, artıq sağalmağım qeyri – mümkündü. Zəhmət olmasa, konturumu verin, gedim. Mən artıq yoruldum. Dayana bilmirəm”. Satıcılar və oğlana lağ edən müştərilər təəccüblə oğlana baxıb, heç nə deyə bilmədilər. Daha döğrusu, deməyə söz tapa bilmədilər. Məəttəl qalmışdılar. Satıcının biri konturu ona uzatdı, oğlan da pulu kassaya qoyub marketdən çıxdı. Hamı süküt içərisində idi. Mənsə tez qaça-qaça oğlanın arxasınca çıxdım. Ona çatıb dedim: “Əhsən sənə! Sükanı belə saxla! Sənin cəsarət və mübarizənə valeh oldum. Nə olsun ki, sən albinossan, xəstəsən? Sən ilk növbədə adamsan. Allah köməyində olsun. Uğurlar sənə!” Oğlan gözləri dolmuş vəziyyətdə mənə “Allah sizdən razı olsun” - deyib, papağını başına qoyub qaçdı. Onun arxasınca baxa-baxa öz-özümə düşündüm. Bu yazıq uşaq hər gün təhqirlərlə üzləşir. Onun xətrinə də dəyirlər, lağ da edirlər, amma yıxılmır, dözür. Deməli, iradəsi möhkəmdir. İnamı böyükdür. Yaşamaq həvəsi isə tükənməzdir. Yenidən marketə daxil oldum, hələ də müzakirələr davam edirdi. Bizim bəzi vətəndaşlarımız, deyəsən, heç vaxt dəyişməyəcək. Bir adam ki, xəstə insan görən kimi ona gülüb, lağ edir, onunla məzələnir, ondan nə gözləmək olar?! Xəstə insan – təlxək deyil ki, gülüş və müzakirə obyekti olsun. Allah xəstələrimizi gülən insanlardan qorusun. Tanrı bütün xəstələrə şəfa versin. Ümidləri heç zaman ölməsin!
Leyla Namazova


































































































