“Əslində Qazaxıstan universitetinin bu təcrübəsi tərbiyənin praktik yolla formalaşdırılması istiqamətində çox təqdirəlayiq bir addımdır”.
Bunu Moderator.az-a açıqlamasında təhsil eksperti Elnur Hacıyev Qazaxıstanın Çimkent şəhərindəki universitetlərin birində “dürüstlük mağazası”nın açılmasına münasibət bildirərkən deyib. Ekpspert Azərbaycan universitetlərində də bu cür mağazaların açılmasının mümkünlüyünü vurğulayıb:
“Xatırlatmaq istəyirəm ki, təhsil sisteminin vacib hissəsini yüksək mənəvi dəyərlər və keyfiyyətlərin təhsilalanlarda formalaşması tutur. Bu işi nəzəri olaraq, yəni öyüd-nəsihət yolu ilə aşılamaq xeyirli olsa da, səmərəliliyi aşağı olur. Bunun praktik olaraq həyata keçirilməsi daha effektiv və səmərəli nəticələr verə bilər deyə düşünürəm. Əslində Qazaxıstan universitetinin bu təcrübəsi tərbiyənin praktik yolla formalaşdırılması istiqamətində çox təqdirəlayiq bir addımdır. Bu, məsələnin yalnız pedaqoji tərəfidir.
Məsələyə dini dəyərlər tərəfindən də baxa bilərik. Bu isə cəmiyyətin bir parçası olan tələbə və müəllimlərin dürüstlük prinsipinə əməl edib-etməyəcəyi məsələsidir. Əslində İslamın təməl prinsipləri insanları dürüst həyat tərzi keçirməyə səsləyir. Bu dəyərə sözdə yox, əməldə sahib olan hər kəs üçün dürüstlük prinsipi hər zaman və hər yerdə keçərlidir. Yəni bizim cəmiyyətimizdə bu dəyərlərin sahibi olan insanlar var. Bu nümunənin Azərbaycanda olmasını mümkün hesab edirəm. Bir də məsələyə ən vacib olan psixoloji tərəfdən baxa bilərik. İnsanlar qadağa vəxa0 nəzarətin olduğu yerdə daha çox qayda pozurlar. İnsanlara yüksək ehtiram, etimad və etibar etdiyiniz zaman onlar buna sadiq olmağa çalışırlar. Konkret olaraq bildirmək istəyirəm ki, bu Bakı Dövlət Universitetində olmasa da, tələbə kontingentinin az olduğu bir ali məktəbdə tətbiq etməyi daha optimal hesab etmək olar”.
Vasif Əlihüseyn































































































