“Qızılqum” köçkünləri çarəsiz DURUMDA – Onlara ev Qarabağda veriləcək? - FOTOLAR

“Qızılqum” köçkünləri çarəsiz DURUMDA – Onlara ev Qarabağda veriləcək? - FOTOLAR

Hazırda oxunan: “Qızılqum” köçkünləri çarəsiz DURUMDA – Onlara ev Qarabağda veriləcək? - FOTOLAR

23876

Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi tam başa çatmayıb. Xüsusilə birotaqlı mənzillərdə xeyli köçkün ailəsi qalıb ki, onlar 1 aydır uçulub-dağılmış və xarabalığa çevrilmiş binada yaşamaq məcburiyyətindədirlər.

Bu şikayətlə Bizim.Media-ya “Qızılqum”da yaşayan bir neçə qaçqın  müraciət edib.

Dediklərinə görə Prezidentin sərəncamı ilə “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin Ramana qəsəbəsində evlə təmin olunmasına başlanılıb və köçürülməyə may ayının ilk günlərindən start verilib. Ancaq nədənsə bütün məcburi köçkünlər evlə təmin edilməyib. Qaçqınlara deyilib ki, hələ ki, birotaqlı mənzil olmadığı üçün gözləməlidirlər. Səbəb isə o gətirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilməlidir ki, yerləşdirmə mümkün olsun.

Köçkünlərin şikayətinə görə dağıdılmış və yaşaması mümkünsüz olan binada gecələmək təhlükəli hal alıb. Gecə-gündüz kimlərsə gəlib binanı sökür, taxtasına, daşına, su şlankına kimi söküb aparırlar. Həmçinin suları və işıqları kəsilir. Köçkünlər dəfələrlə sanatoriyanın komendatına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna  və sahə müfəttişinə durumla bağlı şikayətlənsələr də, nəticə yoxdur.

Hər biri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə demişik, ev versələr sizi köçürəcəyik”, deyir. Komendant isə günahı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüb. Sanatoriyada qalanları daha qoruya bilmədiyini deyib.

Məsələdə ittiham olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə yaratdıq.

Qurumun mətbuat katibi Fazil Talıbov problemlə bağlı bizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yönləndirdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sorğumuza cavabı isə belə olub:

“Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum" sanatoriyasından Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb. Hazırda adıçəkilən sanatoriyada birotaqlı mənzilə köçürüləcək ailələr qalıb. Həmin 12 ailə yaxın günlərdə yeni mənzillə təmin ediləcək”. 

Sorğuya cavabda o da bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur:

“Məcburi köçkünlər üçün yeni yaşayış sahələri bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər, eyni zamanda adıçəkilən yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, deyə vurğulanıb. 

Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də Prezident İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO