Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci il “Xalq Cümhuriyyəti” ili ilə bağlı silsilə yazılarına davam edir. Qeyd edək ki, bu silsilədə biz mütəmadi olaraq, ADR parlamentini də xatırlayırıq. Bu dəfə parlamentin sayca yüzüncü, yəni yubiley iclası barəsində bir neçə maraqlı fatı təqdim edəcəyik:
Yubiley iclas 24 noyabr 1919-cu ildə keçirilib. Orada müzakirə olunmalı ilk məsələ əslində, pivə bişirilməsindən alınan aksiz vergi miqdarının və pivə spirtosunun artırılması haqqında qanun layihəsi olmalı imiş. Lakin müəyyən səbbədən bu gecikir.
Parlaman üzvləri həmən ikinci müzakirəyə- dövlət kağız pullarının buraxılması haqqında qanun layihəsinə keçir. Mərəkə də elə bundan sonra başlayır. Deputatlar o zaman yaşanan çox ciddi iqtisadi problemləri sadalamqdan çəkinmirlər:
Muxtar Əfəndizadə - "Möhtərəm məbuslar! Bu saat dokladdan məlum oldu ki, pullar kəsilib qurtarıb, biz ancaq təsdiq etməliyik. Gərək təsdiq edək. Qarayevin dediyi sözlərin bəzisi bir onun deyil, bunlar cəmaətin fikridir. Bu sözlər yalan deyil. Pulumuzun qiyməti düşmüş. Buna çarə lazımdır. Əhalinin halı təmin edilməlidir. Yalnız maliyyə nəzarəti maşına qüvvət verib, pul kəsib tökmək ilə bir nəticə çıxmaz, gərək çarə olsun. Bu tərazi kimi şeydir ki, nə qədər pulumuz çox çıxır, o qədər o biri gözü, yəni mal və ərzaq bahalanır. Pulun qiyməti əksilir. Maliyyə naziri nə qədər istəsə ki, bununla mübarizə eyləsin, bacarmayacaqdır. Bunun üçün kənardan mal gətirtmək lazımdır. Əlimizdə olan malları kənarə vermək ilə daha da fəna hala düşərik. Bunun üçün üçüncü bir nəzarət lazımdır ki, malların çoxalmasına səy etsin. Gərək kənardan mallar tapılıb alınsın. Yoxsa, bu gün pambıq və baramamızı kənarə çıxartdırsaq, sabah məmləkətimizdə o mallardan əsər də qalmaz. Çörəyin pulu üç yüz manata qalxmış. Ticarət naziri bu yolda çalışmalıdır. Əhalini pambıq, çörək əkdirməyə alışdırmalıdır. Bunun üçün kənar maşını və qeyri ləvazimat gətirib camaata paylamalıdır. Onun üçün yalnız maliyyə nəzarəti deyil, gərək hamı, xüsusən ərzaq nəzarəti də işləsin. O biri nəzarətlər də işləməlidir. Yoxsa, yalnız pul buraxmaqla mübarizə etmək olmaz. Pulumuzun üstündə yazılıb ki, Rusiya pulları ilə bərabər gedir. Amma bazarda möhtəkirlər Rusiya pullarını da 4 dəfə aşağı salmışlar. Daxiliyyə nəzarəti bu möhtəkirləri tutub, həbs etməlidir, qabağını almalıdır. Bu saat kənardan buraya mal gətirmirlər. Hamısı pul gətirir, çünki pul satış maldan artıq mənfəət edir. Bunun da qabağını kəsmək lazımdır. O da bütün nəzarətlərin bir ailə şəklində çalışmaları sayəsində başa gələ bilər. Burada nəzərimi bir şey cəlb edir. Bizim buraxdığımız pulların rəhni vardır. Bu pullardan 368 milyonu birəhndir. Lakin ingilisə verilmiş 177 milyon pul rəhn deyil. Mən öylə bilirəm ki, sizin heç birinizin bundan xəbəri yoxdur. Parlament bunu təsdiq etməyibdir. Hökumət gərək, Parlament təsdiq etməmiş pul verməyə idi. Maliyyə nəzarəti bu 177 milyonu sənədlər ilə bizə məlum etməyincə, onu təsdiq edə bilmərik. Maliyyə nəzarəti bizə izahat versin görə ki, bu pulla nə təminatlar verilmişdir. Biz 600 milyonu təsdiq edərik, ancaq onun 177 milyonunu hələlik təsdiq edə bilmərik. Bu barədə maliyyə naziri sənədlər ilə bizə məlumat verəndə, o qalanını da təsdiq etmək olar”.
Ağa Aşurov-xa0"Keçən natiqin son sözü rəsmi cəhətdən doğrudur. Gərək 600 milyon pul buraxıldıqda, gərək qabaqca Parlamentdən izn alına idi. Buna mən də şərikəm. Amma zənn edirəm ki, nazir pul buraxmaqda bir o qədər ixtiyarsız deyil. Parlamanda başqa öylə bir orqan da var ki, ona maliyyə komissiyası deyildir, bu cür məsələlərə baxır. Yəqin ki, nazirə komissiya ixtiyar vermişdir. Onsuz nazir üçün mümkün hesab etmirəm ki, özbaşına bu qədər pul çıxarsın. Natiqin bir sözü də doğrudur ki, ixracat çox, idxalat az olmalıdır ki, nəticədə mal ucuz olsun. Bu, bir müəyyən politikadır. Nəticəsi də odur ki, məmləkət çox mal satır, amma az alır. Fəqət, təsəvvür ediniz, bu siyasət dava zamanı mümkünmüdür. Çünki, biz bu halda müharibədə deyiliksə də böyük hərbin şiddətli tədiyyələri altındayıq. Ona görə də zəmanənin priyomları ola bilməz ki, sülh zamanın priyomları kimi olsun. Doğrudur, əvvəldə, indi də gərək çalışıb ixracatı artıra və idxalatı əksildəsən. Amma bu indi mümkün deyildir. Saniyən də, idxalat azalıb, ixracat artmaqla ucuzluq olmaz. Bunun bir çox daxili səbəbləri də var. Bir də Qarayev deyir ki, pul nə qədər çox kəsildisə, bahalıq o qədər artır. Təəccüb edirəm, nə üçün Qarayev bunu öz yoldaşlarına demir? Halbuki, bu saat Moskvada mal o yanda qalsın, it pişik əti nəinki bahadır, hətta tapılmayır, amma pul çox kəsilir. Hətta yalnız öz pulları deyil, Firəng, İngilis pulları da buraxırlar. Əgər bu tədbirlər lazımsa, qabaqca öz yoldaşlarına desin. Bir də Muxtar Əfəndizadə buyurdu ki, bu məbləği qəbul edək, amma o 177 milyon ki ingilislərə verilmişdir, o məbləğ də bu puldan çıxılsın. Çünki, onu batmış hesab edir. Amma mən arzu edirəm ki, ingilislər nəinki 177 milyon, kaş bizə 777 milyon borclu ola idilər. Yaxşı ki, biz onlara borclu deyilik. İngiltərə kimi böyük bir dövlət bizə borcludur. Əgər İngiltərə kimi böyük bir dövlətə etibar etməyirsiniz, nə üçün Dağıstana edirsiniz. Həzrət, etibar ayrı, məhəbbət ayrıdır. Bir bankir yanına gedərsiniz. Məhəbbətə baxmaz, qabaqca etibarınızı arar. Bir də bilməlisiniz ki, hökumət o pulu öz xoşuna verməmiş, verməyə məcbur olmuşdur. Nə üçün yadınızdan çıxarırsınız, keçən il bu vaxtkı halınızı? Görünür ki, adamın yadından yaman şey tez çıxır. Əgər yadınızda olsa bilərsiniz ki, biz o pulu verməyə məcbur idik. Bir də qaldı idxalat və ixracat məsələsi. Bunu şimdi böylə açıq deyirsiniz, amma bir ay bundan qabaq böylə demək mümkün deyildi. Və bir ay bundan sonra daha artıq cəsarətlə deyə bilərsiniz. Çünki o zaman adi həyat yox idi. Baxınız, o zaman idxal, ixrac məsələsinin tənzimini tələb edə bilərmidiniz? Halbuki, ixrac məsələsinin tənzimini tələb edə bilərmidiniz? Halbuki, o vaxt İstanbula, Parisə mal göndərmək, hətta getmək belə mümkün deyildi. Mümkünat indi əmələ gəlir. Görək o vaxt iş görmək mümkün idimi? Hökumət etməmişdir ya yox? Bir də Malxazov dedi ki, malı buraxmacaq, yığılıb xarab olar. 213 Buradan çox şeydən bəhs etmək olar. Fəqət ticarət işlərində müəyyən bir siyasət lazımdır. Bu vaxta ticarət və sənaye nəzarəti bu xüsusda bizə heç bir layihə göndərməmişdir. Bizim maliyyə işlərimiz iki qismə ayrılır. Bir qismi ticarət, digəri maliyyə nəzarəti əlindədir. O adam ki, şimdiyə qədər buraya bir çox dokladı gəlib, onu biz tənqid edirik. O nəzarətin ki, heç proyekti gəlməyib, ondan heç danışmayırız, çünki bu politika iki hissədən ibarətdir. Malxazov düz deyir. Siz bilirsiniz ki, bu politika nə cür aparılır. Politikanı hökumət aparmayır. Amma Parlamentin də gərək orentasiyası olsun. Budur ssuda məsələsi var. O da bu məsələyə bağlıdır, nəqdimiz çıxır, rezervlər yığıb, heç bir yana getmir. Fəqət, biz on milyonlarla pul verib neft promıslalarını podderjivat eyləyirik. Bunda fəhlələrə, kəndçilərə nə olur? Bu olur ki, neftopromışlenliklər 20 adam yerinə iş olmaya-olmaya 200 adam saxlamağa məcbur olur, pul verirlər. Bir yerdə ki proizvoditelnost olmadı, pul verdik, nəticəsi okonçatelni olar. Bu qədər ki, fəhləni biz saxlamaq istəyirik, bunun üçün məcburuq ki, pul kəsib sərf edək. Otuz, qırx min fəhləni saxlayaq, görək bu məsələ burada danışılıbmı? Xeyir, ancaq hökumətin bizə dediyi odur ki, fəhlələr işləməyirsə, gərək biz onlara pul verək. Bu bizə xeyirdir. Öyləsə də sudaproizvodstvo 8000 fəhləni saxlamağa məcbur ikən proizvoditelnost az, pul isə veririk. Biz paroxodçuları məcbur edirik ki, 8 paraxodun ikisi də işləsə gərək fəhlələri buraxmasın, pullarını versin. Paraxodçu da İrandan mal gətirir, məcburən bu xərclər gəlir onun üstünə. Burada Qarayev heç deməyir ki, gərək bu raboçilərin hamısını saxlayaq ki, Azərbaycana lazımdır. Azərbaycanın xeyirxahıdır, yaman gündə bizə lazım olacaqdır. Bunu desək, genə eybi yoxdur. Ancaq raboçilərdən bir çoxu yaman gündə bizim dalımızdan daş atacaqdır, onları da saxlamağa məcbur olaq. İndi hökumət elan edibdir ki, şəhərlər gərək razqruzit olsun. Bu bizim hamımızı vozmuşat eyləyir. Necə şəhər razqruşat olsun, amma bu lazımdır. Nə qədər lazımdır mən aşkar eyləyə bilmirəm. Amma bizim maliyyə politikamız aşkar deyildir. Bu bir növ xəyanət siyasətidir. Səhv xəyanətdir. Bu zlonamerenni deyil, səhv demək istəyirəm ki, mal verib yerində başqa hökumətin, məsələn, ingilislərin pulunu bizə verirəm. 5-6 adam oturub nə edirlərsə, biz bilməyirik. Amma camaatın qabağında biz cavabdehik. Onlar hər nə eylərlər gərək biz bilək. Madam ki, biz bilməyirik, bu işlər üçün də cavab verən də deyilik. O hökumət ki, öz hüququnu özgəyə vermir, o ixtiyar ki, bizdə var, əlimizdən buraxmamışıq, hökumət altı yüz milyon çap eyləyib, biz ki, onlara ixtiyar vermişik, onlar da çap eyləyiblər, demək ki, bizim də bir balaca razılığımız olub. Ona görə buraxılan pulu biz təsdiq eyləyək, vadar eyləyək ki, bundan sonra bizdən izinsiz bir daha böylə şeylər eləməsinlər”.
Qeyd : Yazıda Cümhuriyyət parlamentinin stenoqramlarından istifadə edilib:
Hazırladı: Elmin Nuri
































































































