Sosial şəbəkələr gəncləri təhsildən və işdən NECƏ YAYINDIRIR?

Hazırda oxunan: Sosial şəbəkələr gəncləri təhsildən və işdən NECƏ YAYINDIRIR?

181206

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarından biri tərəfindən maraqlı bir araşdırma aparıb. Məqsədsə gənclərin məşğulluq vəziyyətini öyrənmək olub. Aparılan araşdırma nəticəsində məlum olub ki, 15-24 yaş arasında olan gənclərin 20 faizi heç yerdə işləmir və təhsil almırlar. Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir. 

Bəs, yeniyetmə və gənclər niyə təhsildən, iş həyatından yayınırlar?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan göstəricilər üzrə gəlinən nəticələr mübahisələndirilə bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin əksəriyyəti gündəlik məlumatları sosial şəbəkələrdən alır – SORĞU


“Qeyd olunan rəqəmlərdə oxumayanların sayı həqiqəti əks etdirsə də, işləməyənlərin sayı mübahisələndirilə bilər. Çünki təəssüf doğuran hal odur ki, həmin yaş qrupuna daxil olan insanlar da bəzi insanlar kimi əmək müqaviləsi ilə işləmirlər.

Son rəqəmsal cəmiyyət reallığı fonunda bu yaş qrupunda olan insanlar “Z” nəsli sayılır. Onlar onlayn əmək fəaliyyəti ilə məşğul olur və  bir sıra hallarda vergi ödəmələrindən kənarda qalırlar. Amma əmək fəaliyyəti ilə məşğuldurlar. Əlbəttə, gənclər arasında işsizlik reallığı da var ki, bu, ölkə üzrə ümumi işsizlərin təqribən 11%-ni təşkil edir”.

Sosioloq problemin əsas səbəbini sosial şəbəkələrdə görür:

“Yeniyetmə və gənclərin internet aslılığı və sosial şəbəkə aktivliyi əfsuslar olsun ki, bəzən onların inersiyasına da gətirib çıxarır. Belə ki, internet aslılığı onların enerjisini və vaxtını mənimsəyir. Bu da onların əmək məhsuldarlığı və motivasiyasına təsir edir. Ancaq digər tərəfdən sosial şəbəkə vahidləri üzərindən gəlir əldə edən gənclər də var. 

Çox yaxşı olar ki, əmək bazarına nəzarət edən qurumlar gənclər üçün startap layihələrini, mütəmadi əmək yarmarkalarını, həm paytaxtda, həm də regionlarda həyata keçirsinlər. Eyni zamanda, insanların əmək müqaviləsi əsasında işləməsini təmin etsinlər. Bu gələcəkdə onların pensiya təminatına kömək etmiş olacaq, həm də qarşılaşa biləcəkləri sığorta hadisəsi zamanı sosial müdafiəsini gücləndirə bilər”. 

Üzeyir Şəfiyev qeyd etdi ki, digər məsələ sözügedən yaş qruplarının təhsil məsələsidir:

“Aztəminatlı ailədə böyüyən yeniyetmə və gənclər, eləcə də regionlarda uşaq və yeniyetmələrin nəinki peşə və ali təhsilə, bir sıra hallarda orta təhsilə əlçatanlığı yoxdur. Belə ailələr, xüsusilə, regionlarda qız uşaqlarını, əsasən 9-cu sinifdən məktəbdən ayırır, əməyə cəlb edirlər. 

Bir sıra "valideynlər" qız uşaqlarına “duz yükü” kimi baxaraq, onları erkən nikaha cəlb edirlər. Beləliklə də təhsildən yayınmış xeyli sayda gənclər ordusu əmək bazarının tələblərinə uyğun iş tapa bilmir. Təəssüflər olsun ki, belələri bir sıra hallarda hüquqazidd və əxlaqazidd fəaliyyətlə məşğul olurlar. 

Bu baxımdan həm Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kordinasiyalı fəaliyyət göstərməli, aztəminatlı ailələrlə ünvanlı yardım edilməli, valideyinlərlə,  uşaqlarla marifləndirmə işi aparılmalı, əmək bazarının tələblərinə cavab verən peşə və ixtisasların bölgə məktəblərində tanıtımı və təşviqi aparılmalıdır”. 

Həmsöhbətimiz hesab edir ki, 11-ci sinifə qədər təhsil icbari olsa, daha yaxşı olar:

“Bu uşaqların təhsildən yayınma hallarının qarşısı alar. Sosial çarxlar vasitəsilə potensial təhsildən yayınan yeniyetmələrə və onların valideynlərinə mesajlar ötürülsün. Təhsildə hər kəs üçün bərəbər imkanlar və bərabər şanslar yaradılsın. 

Ölkəmizin 2016-cı ildə qoşulduğu "heç kəsi kənarda qoymayaq" çağrışlı BMT-nin Dayanlqlı İnkişaf Məqsədlərində ifadə olunan əsas məqsədlərdən biri də hamı üçün təhsil əlçatanlığını təmin etməkdir. Hesab edirəm ki, qarşıya qoyulan məqsədə çatmaq üçün bütün aidiyatı qurumlar kordinasiyalı fəaliyyət göstərsə, ölkəmizdə bu istiqamətdə mühüm nəticə əldə edə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO