Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

Hazırda oxunan: Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

633947

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfər edəcək. Dövlətimizin başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı planlaşdırılır.

Çoxvektorlu əməkdaşlıq siyasətinin davamı

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət Azərbaycan üçün eyni vaxtda müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlıq etmək imkanı yaradıb. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası isə bu siyasətin yeni mərhələyə keçməsi üçün mühüm zəmin formalaşdırıb. İndi qarşıda duran əsas məsələlərdən biri Azərbaycanın qazandığı siyasi üstünlükləri iqtisadi, nəqliyyat və diplomatik dividendlərə çevirməkdir.

Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı xüsusi diqqət çəkir. Çünki ŞƏT Azərbaycanın yerləşdiyi coğrafiyanın şərqində və cənubunda böyük iqtisadiyyatları, enerji resurslarına malik dövlətləri və sürətlə inkişaf edən bazarları bir araya gətirən nəhəng platformadır.

ŞƏT-in dəyişən arxitekturası və Azərbaycanın mövqeyi
 

2001-ci ildə yaradılan ŞƏT 25 il ərzində ilkin təhlükəsizlik əməkdaşlığı platformasından daha geniş gündəliyə malik beynəlxalq təşkilata çevrilib. Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətlərinin daxil olduğu bu məkan həm demoqrafik, həm iqtisadi, həm də geosiyasi baxımdan dünyanın ən böyük güc mərkəzlərindən biridir.


Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-nin təxminən 23,1 faizinə bərabərdir.

Təşkilatın gündəliyində təhlükəsizlik məsələləri ilə yanaşı, ticarət, investisiya, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar, elm, təhsil və humanitar əlaqələr də mühüm yer tutur. Bu xüsusiyyət ŞƏT-i Azərbaycan üçün yalnız siyasi dialoq meydanı deyil, eyni zamanda iqtisadi və logistika imkanlarının genişləndirilə biləcəyi platformaya çevirir.

Azərbaycanın təşkilatla münasibətləri də tədricən bu reallığa uyğun dəyişir. Ölkəmiz 2015-ci ildə ŞƏT-in dialoq tərəfdaşı statusunu əldə edib, 2016-cı ildə isə əməkdaşlığın əsaslarını müəyyənləşdirən memorandum imzalanıb. Lakin son iki ildə münasibətlərdə daha nəzərəçarpan dinamika yaranıb.

2024-cü ildə Azərbaycan müşahidəçi statusu üçün müraciət edib. 2025-ci ildə Tiencin sammitində isə ŞƏT daxilində əvvəlki müşahidəçi və dialoq tərəfdaşı formatlarının vahid “ŞƏT tərəfdaşı” statusu ilə əvəzlənməsi barədə qərar qəbul olunub.

Azərbaycanın ŞƏT platformasındakı fəallığı
 

Azərbaycanın ŞƏT-ə marağı yalnız institusional statusla məhdudlaşmır. Prezident İlham Əliyevin son illərdə təşkilatın sammitlərində və “ŞƏT+” formatında iştirak etməsi Azərbaycanın bu platformaya siyasi yanaşmasının dəyişdiyini göstərir.


2022-ci ildə Özbəkistanda keçirilən sammitə fəxri qonaq kimi qatılan Dövlətimizin başçısı sonrakı illərdə Qazaxıstan və Çin zirvələrində də iştirak edib. İndi isə ŞƏT-in 25 illik yubileyi çərçivəsində Bişkekdə keçiriləcək sammitin gündəliyində təhlükəsizliklə yanaşı, ticarət, nəqliyyat və digər iqtisadi istiqamətlərin də yer alması Azərbaycanın maraqları ilə birbaşa uyğundur.

ŞƏT-lə münasibətlərin inkişafında göstərilən fəallığın arxasında Azərbaycanın daha geniş xarici siyasət xətti dayanır. Bakı eyni vaxtda Avropa ilə əməkdaşlığı davam etdirir, Türk dünyası ilə əlaqələri dərinləşdirir, İslam ölkələri ilə münasibətləri genişləndirir və Asiyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlıqlar qurur.

Bu siyasət Azərbaycanın ayrı-ayrı geosiyasi bloklardan birinin daxilində deyil, müxtəlif platformalar arasında əlaqələr qura bilən “orta güc dövləti” modelinə uyğun siyasət yürütdüyünün göstəricisidir.

Çinlə münasibətlər ŞƏT-lə əlaqələri gücləndirir
 

Azərbaycan-ŞƏT münasibətlərində Çin faktorunun xüsusi çəkisi var. Təşkilatın ən böyük iqtisadiyyatının Azərbaycanla münasibətlərinin dərinləşməsi Bakı üçün ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu artırır.


2025-ci ilin statistik nəticələri bunu  daha aydın göstərir. Belə ki, ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4,874 milyard dollara yüksəlib. Bu, əvvəlki illə müqayisədə 30,2 faiz artım deməkdir. Çin Azərbaycanın ümumi xarici ticarətində təxminən 9,86 faiz paya malik olub. Həmin il Azərbaycandan Çinə ixrac 84,4 milyon dollara çatıb, Çindən idxal isə 4,79 milyard dollar təşkil edib.

Lakin iki ölkə arasındakı münasibətlərin strateji tərəfi ticarət statistikasından daha genişdir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub. Bu təşəbbüslə Azərbaycanın nəqliyyat imkanlarının üst-üstə düşməsi isə Orta Dəhlizə xüsusi əhəmiyyət qazandırır.

Başqa sözlə, Çin üçün Azərbaycan yalnız məhsul satılan və ya məhsul alınan bazar deyil. Ölkəmiz Çin və Mərkəzi Asiyadan Avropaya çıxan marşrutların mühüm həlqələrindən biri kimi çıxış edir.

Orta Dəhliz Azərbaycanın əsas kartlarından biridir
 

Azərbaycanın ŞƏT-lə münasibətlərdə ən mühüm üstünlüklərindən biri coğrafi faktordur. Çin və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış ehtiyacı artdıqca Xəzər üzərindən keçən marşrutların əhəmiyyəti də yüksəlir.


Bu mənada Orta Dəhlizin genişlənməsi ölkənin logistika, liman, dəmir yolu və xidmət sektorlarında əlavə iqtisadi imkanlar yaradır.

Son illərdə yük axınında qeydə alınan artım da bu potensialın artıq praktik müstəviyə keçdiyini göstərir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində infrastrukturunu genişləndirməsi ölkəmizə eyni anda bir neçə böyük iqtisadi məkanı bir-birinə bağlamaq imkanı verir.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının 15 milyon tondan 25 milyon tona qədər artırılması planı da məhz bu perspektivə hesablanıb. Limanın genişləndirilməsi Xəzər üzərindən daşımaların artması ilə paralel olaraq Azərbaycanın regional logistika sistemindəki rolunu möhkəmləndirə bilər.

Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizində yük daşımaları və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə birlikdə bu layihələr Azərbaycanı bir istiqamətli tranzit xəttindən daha çox, müxtəlif marşrutların kəsişdiyi mərkəzə çevirir.

Zəngəzur dəhlizi yeni imkanlar yarada bilər
 

Regionda sülh gündəliyinin irəliləməsi də Azərbaycanın nəqliyyat strategiyasına əlavə imkanlar verir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni perspektivlər yaradıb.


Sabitliyin möhkəmlənməsi regional kommunikasiyaların açılması və yeni ticarət marşrutlarının formalaşması baxımından mühüm amildir. Bu çərçivədə Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla əlaqələndirəcək xətt olmaqla yanaşı, daha geniş miqyasda Avrasiya nəqliyyat sisteminin mühüm həlqəsinə çevriləcək.

Belə bir bağlantının reallaşması Orta Dəhlizin imkanlarını artırmaqla yanaşı, Şimal-Cənub marşrutu ilə yeni kəsişmələr yaratmaq potensialına malikdir.

Mərkəzi Asiya ilə dərinləşən əlaqələr
 

Azərbaycanın ŞƏT məkanında mövqeyini möhkəmləndirən daha bir istiqamət Mərkəzi Asiya ölkələri ilə sürətlə inkişaf edən münasibətlərdir.


Qırğızıstan bu baxımdan diqqətçəkən nümunədir. İki ölkə arasında münasibətlər 1993-cü ildən formalaşsa da, son illərdə siyasi dialoq daha intensiv xarakter alıb. 2022-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması, dövlətlərarası mexanizmlərin yaradılması və qarşılıqlı yüksək səviyyəli səfərlər bu prosesi sürətləndirib.

2026-cı il iyulun 31-də Çolpon-Atada Azərbaycan və Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması isə əlaqələrin siyasi məzmununu daha da dərinləşdirib.

Bişkekdə Azərbaycan maliyyə dəstəyi yaradılan Qırğız-Azərbaycan Dostluq Parkı, Nizami Gəncəvi adına məktəb və Heydər Əliyev adına gimnaziya kimi layihələr, eləcə də Bakıda Çingiz Aytmatovun adını daşıyan məktəb və onun abidəsi iki ölkə arasında humanitar, mədəni bağların da gücləndiyini göstərir. Bununla paralel, Qırğızıstanın ŞƏT-ə sədrliyi dövründə Azərbaycanla bu ölkə arasında münasibətlərin yüksək səviyyədə olması rəsmi Bakı üçün əlavə diplomatik imkanlar yaradır.

Azərbaycanın ŞƏT siyasətinin yeni perspektivləri
 

Azərbaycanın ŞƏT-lə münasibətlərinə yalnız təşkilatın öz çərçivəsində baxmaq düzgün olmazdı. Burada daha geniş bir geosiyasi xəritə formalaşır.


Bir tərəfdə Çin və Mərkəzi Asiyanın sürətlə böyüyən iqtisadiyyatları, digər tərəfdə Türkiyə və Avropa bazarları yerləşir. Şimal istiqamətində Rusiya, cənubda İran və daha uzaqda Hindistan kimi nəhəng iqtisadi və siyasi aktorlar var. Azərbaycan isə bu məkanların arasında yerləşən Xəzər keçididir.

Ölkənin son illərdə çoxtərəfli diplomatiyada qazandığı təcrübə də bu coğrafi üstünlüyü tamamlayır. Qoşulmama Hərəkatına sədrliyi, COP29, Ümumdünya Şəhərsalma Forumu, D-8 çərçivəsində fəaliyyəti, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə toplantısı, Türk Dövlətləri Təşkilatı və AQEM çərçivəsində fəaliyyəti Azərbaycanın müxtəlif beynəlxalq platformalarda öz gündəliyini irəli sürmək imkanlarının genişləndiyini göstərir.

Avropa ilə əlaqələr də bu siyasətin digər tərəfidir. Azərbaycanın Avropa üçün enerji və nəqliyyat baxımından etibarlı tərəfdaş kimi mövqeyini qoruması Şərqlə Qərb arasında əlaqələndirici rolunun yalnız Asiya istiqamətində qurulmadığını göstərir.

Əsas məsələ status deyil, praktiki çəkidir
 

Azərbaycanın ŞƏT-lə münasibətlərinin gələcəyini yalnız “tərəfdaş”, “müşahidəçi” və ya başqa bir hüquqi status müəyyən etməyəcək. Əsas məsələ Azərbaycanın təşkilatın iqtisadi və nəqliyyat imkanları ilə öz coğrafi üstünlüyünü nə dərəcədə birləşdirə bilməsidir.


ŞƏT ölkələri üçün Azərbaycan Avropaya çıxış yollarından biridir. Azərbaycan üçün isə ŞƏT məkanı böyük bazarlar, investisiya imkanları, yeni logistika marşrutları və iqtisadi tərəfdaşlıqlar deməkdir.

Bu qarşılıqlı maraq münasibətləri daha praktik müstəviyə keçirir.

Orta Dəhlizin ötürücülük imkanlarının genişlənməsi, Ələt limanının potensialının artırılması, Zəngəzur dəhlizinin reallaşması və Çinlə Mərkəzi Asiya arasında iqtisadi əlaqələr dərinləşməsi fonunda, Azərbaycanın ŞƏT məkanındakı əhəmiyyəti təşkilati statusundan daha böyük məna daşımağa başlayacaq. Çünki müasir dünyada əsas üstünlük yalnız böyük bazara sahib olmaq deyil. Həmin bazarları bir-birinə bağlayan yollara sahib olmaqdır.

Azərbaycanın strateji üstünlüyü də məhz burada ortaya çıxır: ŞƏT-in nəhəng iqtisadi və demoqrafik miqyası ilə Azərbaycanın Xəzər üzərindən Avropaya açılan nəqliyyat və enerji imkanları bir nöqtədə kəsişir.

Bu kəsişmə isə Bakının yeni dünya düzənində “orta güc” kimi mövqeyini möhkəmləndirən əsas geosiyasi resurslardan birinə çevriləcək.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO