Rusiya Ukraynaya məxsus kamikadze tipli pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə edildiyi bildirilən yeni lazer kompleksinin görüntülərini yayıb.
Bizim.Media xəbər verir ki, Rusiya mənbələrinin yaydığı məlumata görə, belə komplekslərdən ən azı bir neçəsi strateji obyektlərdən birinin perimetri boyunca yerləşdirilib.
Bildirilir ki, sistem artıq “döyüş rejimində” sınaqdan keçirilir və Ukraynaya məxsus bir neçə PUA-nın məhv edilməsində istifadə olunub.
Diqqətçəkən məqam kompleksin ölçüləri ilə bağlıdır. Rusiya tərəfinin iddiasına əsasən, bütün avadanlıq adi yük konteynerində yerləşdirilə bilir. Bu isə sistemin müxtəlif ərazilərdə, o cümlədən qorunan strateji obyektlərin yaxınlığında yerləşdirilməsinə imkan verir.
Bununla belə, kompleksin adı, taktiki-texniki xüsusiyyətləri və istehsalçısı açıqlanmayıb.
Yayılan videoda sistemin işləmə prinsipi və PUA-lara qarşı tətbiqi nümayiş etdirilir. Lakin kompleksin real imkanları və onun effektivliyi barədə müstəqil mənbələrdən təsdiqlənmiş məlumat yoxdur.
Bizim.Media






























































































